Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın paytaxtı Bağdadda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüş keçirib. Görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası çərçivəsində baş tutub.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Anadolu Agentliyi”nin məlumatına görə, oktyabrın 17-də keçirilən görüşdə iki ölkənin diplomatiya rəhbərləri bir araya gələrək regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İran tərəfinin açıqlamasına əsasən, nazirlər Türkiyə-İran münasibətlərini, Yaxın Şərqdəki son hadisələri və İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə Fələstin məsələsinə xüsusi diqqət ayrılıb. Tərəflər İslam Əməkdaşlıq Təşkilatının regionda mövcud problemlərin həllində rolunun artırılmasının vacibliyini vurğulayıblar.
Bundan əlavə, Fars körfəzi və Hörmüz boğazı ətrafındakı vəziyyət də müzakirə mövzusu olub. Əraqçi regiondakı son hadisələrlə bağlı türkiyəli həmkarına məlumat verib.
Qeyd edək ki, Bağdadda keçirilən İƏT sessiyasının əsas mövzusu “Dialoq və həmrəylik: sülhün və davamlı inkişafın təşviqinin iki əsas sütunu” olub. Toplantıda Qəzzadakı vəziyyət və İslam dünyasındakı digər münaqişələrin müzakirəsi nəzərdə tutulub.