Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də ABŞ-ın qlobal investisiya şirkəti “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. Görüşdə Azərbaycanla şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və yeni layihələrdə iştirak imkanları müzakirə olunub.
MSNews.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevlə Corc Volkerin 2025-ci ildə Nyu-Yorkda keçirdikləri görüş də xatırlanıb.
Dövlət başçısı bu il fevralın 10-da Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığını qeyd edərək bunun ikitərəfli münasibətlərdə yeni mərhələ açdığını bildirib. Sözügedən sənəd Prezident İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens tərəfindən Bakıda imzalanıb.
Görüşdə qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Neuberger Berman” arasında 2016-cı ildən davam edən əməkdaşlığa xüsusi diqqət yetirilib. Tərəflər özəl kapital, özəl borc və digər investisiya istiqamətləri üzrə əldə olunmuş nəticələri, həmçinin yeni layihələrdə birgə iştirak imkanlarını nəzərdən keçiriblər.
1939-cu ildə Nyu-Yorkda yaradılmış “Neuberger Berman”ın rəsmi məlumatına əsasən, şirkətin idarə etdiyi aktivlərin həcmi 2026-cı il iyunun 30-na 613 milyard ABŞ dolları təşkil edib. Şirkət səhmlər, sabit gəlirli alətlər, özəl bazarlar və alternativ investisiyalar daxil olmaqla müxtəlif istiqamətlərdə fəaliyyət göstərir.
Azərbaycan Prezidentinin rəsmi məlumatında isə şirkətin özəl bazarlar üzrə qlobal investisiya platformasının 170 milyard dollardan artıq investisiya öhdəliyini idarə etdiyi və investisiya etdiyi fondların portfellərinin 10 400-dən çox şirkəti əhatə etdiyi bildirilir.



