Qazax Gənclər Evində “Məktəblilər arasında intellektual yarış” layihəsinin birinci yarımfinal mərhələsi keçirilib. Dörd komandanın mübarizə apardığı yarışda “United Steaks” və “Hədəf” komandaları ən çox düzgün cavab verərək finala vəsiqə qazanıblar.
MSNews.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Sentyabrın 22-də təşkil olunan birinci yarımfinalda Ağstafa rayonunun Vurğun qəsəbə H. Əzizov adına tam orta məktəbinin “Qarabağ”, Qazax rayonunun Yuxarı Salahlı kənd Z. Mahmudov adına tam orta məktəbinin “Zirvə”, müstəqil “United Steaks” və Qazax rayonunun Çaylı kənd E. Cəfərov adına 2 saylı tam orta məktəbinin “Hədəf” komandaları qarşılaşıblar.
İştirakçılar səsləndirilən 20 sualı cavablandırıblar. Yarışın yekununda ən çox düzgün cavab verən “United Steaks” və “Hədəf” komandaları ilk finalçılar olublar.
İkinci yarımfinal sentyabrın 23-də keçiriləcək. Bu mərhələdə Qazax rayonunun Ağköynək kənd Ş. Çobanov adına tam orta məktəbinin “Yupiter”, Kosalar kənd İ. Şıxlı adına tam orta məktəbinin “Viktoriya”, Ağstafa rayonunun Dağkəsəmən kənd İ. Salıfov adına 2 saylı tam orta məktəbinin “Dağkəsəmən-2” və Həsənsu kənd A. Mustafayev adına tam orta məktəbinin “Viktoriya” komandaları finalın növbəti iki vəsiqəsi uğrunda mübarizə aparacaqlar.
Final qarşılaşması sentyabrın 24-də baş tutacaq. Avqustun 1-də başlayan layihə sentyabrın 30-da yekunlaşacaq.
Layihənin tərəfdaşları “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyidir.













