Suriya hökuməti Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün hərbçi göndərilməsi ilə bağlı müraciətini rədd edib. Dəməşq bu qərarını ölkə ordusunun yenidən təşkili və Yəməndəki münaqişəyə birbaşa qoşulmaq istəməməsi ilə əsaslandırıb.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye Today” nəşri Suriyadakı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Səudiyyə Ərəbistanı son aylarda Yəməndə hərbi ehtiyaclarını qarşılamaq məqsədilə xarici ölkələrdən döyüşçülər və hərbi mütəxəssislər cəlb etməyə çalışıb. Bu çərçivədə Suriya hökumətinə də hərbi qüvvələrin təşkil edilərək Yəmənə göndərilməsi ilə bağlı müraciət ünvanlanıb.
Lakin Dəməşq təklifi qəbul etməyib. Suriya tərəfi hazırda öz silahlı qüvvələrinin yenidən təşkilinə üstünlük verdiyini və Yəməndəki münaqişədə üçüncü tərəf kimi iştirak etmək niyyətində olmadığını bildirib.
Mənbələrdən biri Səudiyyə Ərəbistanının müraciətinin bir neçə ay əvvəl edildiyini və məsələnin artıq bağlandığını qeyd edib.
Bununla belə, Suriya hökumətinin ayrı-ayrı şəxslərin Yəməndəki döyüşlərdə iştirak etmək məqsədilə ölkəni tərk etməsinə mane olmadığı bildirilir. Dəməşq belə hallarda həmin şəxslərin fəaliyyətinə görə məsuliyyət daşımayacağını vurğulayıb.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında döyüşlər son həftələrdə yenidən intensivləşib. Husilərin Qırmızı dəniz sahillərində irəliləməsi və Səudiyyə Ərəbistanına hücumları regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Bu barədə “Reuters” agentliyi də məlumat yayıb.
Səudiyyə Ərəbistanı mümkün hərbi dəstək üçün digər regional tərəfdaşlarına da müraciət edib. Bununla belə, Suriyanın hərbçi göndərməkdən imtina etməsi barədə məlumat hələlik Dəməşq və Ər-Riyad tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.