Avropa İttifaqı və Ermənistan nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsini nəzərdə tutan bağlantı tərəfdaşlığı sənədi imzalayıb. Saziş mayın 5-də İrəvanda keçirilən ilk Aİ-Ermənistan sammiti çərçivəsində imzalanıb. Avropa Komissiyasının məlumatına görə, tərəfdaşlıq Avropa ilə Ermənistan arasında dayanıqlı və təhlükəsiz bağlantıların inkişafına, iqtisadi əlaqələrin dərinləşdirilməsinə və strateji əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Yeni sənəd əsasən üç istiqaməti əhatə edir: nəqliyyat bağlantıları, enerji infrastrukturu və rəqəmsal əlaqələr. Aİ tərəfi bildirir ki, məqsəd Ermənistanın Avropa bazarları ilə daha sıx inteqrasiyasını dəstəkləmək, ölkənin iqtisadi dayanıqlığını artırmaq və regional kommunikasiya imkanlarını genişləndirməkdir. Sammitin yekun bəyannaməsində də Aİ-Ermənistan münasibətlərinin xüsusilə bağlantı, enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq sahələrində gücləndirildiyi vurğulanıb.
İrəvanda keçirilən sammit Aİ-Ermənistan münasibətlərində ilk belə yüksək səviyyəli ikitərəfli toplantı kimi təqdim olunur. Görüşdə Avropa Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak ediblər. Avropa Komissiyası sammitin iqtisadi inkişaf, təhlükəsizlik və müdafiə, həmçinin insanlararası əlaqələr üzrə əməkdaşlığı dərinləşdirmək məqsədi daşıdığını bildirib.
Bağlantı tərəfdaşlığı Ermənistanın son illərdə Avropa İttifaqı ilə əlaqələrini genişləndirməsi fonunda imzalanıb. “Associated Press” yazır ki, İrəvan ilk Aİ-Ermənistan sammitinə ev sahibliyi etməklə Qərblə münasibətlərini daha da gücləndirmək niyyətini nümayiş etdirib. Eyni zamanda, Ermənistanın Rusiya rəhbərliyindəki Avrasiya İqtisadi İttifaqında qalması ölkənin xarici siyasətində balans axtarışını davam etdirdiyini göstərir.
Aİ-Ermənistan bağlantı tərəfdaşlığı Cənubi Qafqazda nəqliyyat və enerji marşrutları ətrafında geosiyasi rəqabətin artdığı bir dövrə təsadüf edir. Sənəd Ermənistan üçün Avropa bazarlarına çıxış, infrastrukturun modernləşdirilməsi və rəqəmsal transformasiya baxımından yeni imkanlar yarada bilər.