Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasına ölkəsinin ehtiyac duymadığını bildirib. Onun sözlərinə görə, Moskva bazanı çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək.
MSNews.az xəbər verir ki, Paşinyan sentyabrın 17-də hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında 2022-ci ilin sentyabrında baş verən hadisələrin Rusiya bazasının Ermənistanın təhlükəsizliyi üçün “həyati əhəmiyyət daşımadığını” göstərdiyini deyib.
“Bizə bu baza lazım deyil. Əgər çıxarmaq istəyirlərsə, sabah çıxarsınlar”, – Paşinyan bildirib.
Baş nazir eyni zamanda vurğulayıb ki, Ermənistan hökuməti indiyədək Rusiya qarşısında 102-ci bazanın ölkədən çıxarılması məsələsini qaldırmayıb. Onun sözlərinə görə, Moskva bazanı saxlamaq istəsə, İrəvan onun gələcək fəaliyyət şərtlərini müzakirə etməyə hazırdır.
Bu açıqlama Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 2-də səsləndirdiyi fikirlərdən sonra gəlib. Putin Ermənistanın bazaya ehtiyac duymadığı qənaətinə gələcəyi halda Rusiyanın oranı “hətta sabah” tərk etməyə hazır olduğunu demişdi.
Rusiyanın 102-ci hərbi bazası 1995-ci il Ermənistan–Rusiya müqaviləsi əsasında Gümrüdə yerləşdirilib. 2010-cu ildə imzalanmış protokolla bazanın yerləşdirilməsi müddəti 2044-cü ilədək uzadılıb.