Kosovo parlamenti Albin Kurtinin rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. Bununla belə, prezident seçkisi ilə bağlı davam edən siyasi böhran ölkəni yenidən növbədənkənar parlament seçkilərinə sürükləyə bilər.
MSNews.az xəbər verir ki, sentyabrın 13-də keçirilən səsvermədə 120 yerlik parlamentin 62 deputatı Kurtinin hökumətini dəstəkləyib, 8 deputat əleyhinə səs verib, 50 deputat isə səsvermədə iştirak etməyib.
“Associated Press” yazır ki, yeni hökumətin formalaşdırılması uzun sürən siyasi dalandan sonra baş tutub. Kurtinin Vetëvendosje hərəkatı iyunun 7-də keçirilən növbədənkənar seçkilərdə ən çox mandat qazansa da, parlamentdə təkbaşına çoxluq əldə edə bilməmişdi.
Kurtinin təqdim etdiyi hökumət proqramında təhlükəsizlik, əhalinin rifahı, təhsil, səhiyyə, iqtisadiyyat və infrastruktur əsas istiqamətlər sırasında göstərilib. Baş nazirin ofisinin rəsmi məlumatına görə, yeni kabinet əvvəlki hökumətin işinin davamı kimi nəzərdə tutulur.
Kabinetin əsas simaları da vəzifələrini qoruyublar. Qlauk Konyufça baş nazirin birinci müavini və xarici işlər və diaspor naziri, Donika Györvalla-Şvarts ikinci baş nazir müavini və ədliyyə naziri təyin olunub. Kosovo Demokratik Türk Partiyasının (KDTP) sədri Fikrim Damka isə azlıqlar və əməkdaşlıq məsələləri üzrə üçüncü baş nazir müavini postunu tutub.
Yeni hökumətin qarşısındakı əsas siyasi sınaq isə prezidentin seçilməsidir. Vetëvendosje və müxalif Kosovo Demokratik Liqası (LDK) hüquq professoru və keçmiş Konstitusiya Məhkəməsi hakimi Bekim Seydiunun prezidentliyə namizədliyi üzrə razılığa gəliblər. Lakin “Reuters”-in məlumatına görə, LDK-nın altı deputatı razılaşmaya əməl etməyəcəyini bildirib.
Kosovo Konstitusiyasının 86-cı maddəsinə əsasən, prezident ilk iki səsvermədə bütün deputatların üçdəikisinin — 80 deputatın səsini toplamalıdır. Nəticə əldə olunmazsa, üçüncü turda ən çox səs alan iki namizəd yarışır və 61 səs kifayət edir. Üçüncü tur da nəticəsiz qalarsa, parlament avtomatik buraxılır və 45 gün ərzində yeni seçkilər keçirilməlidir.
“Reuters” bildirir ki, belə ssenari baş verərsə, Kosovo son iki il ərzində dördüncü dəfə növbədənkənar parlament seçkisinə gedə bilər. Davam edən siyasi qeyri-sabitlik Avropa İttifaqına inteqrasiya üçün tələb olunan islahatları və Avropa maliyyə vəsaitlərinə çıxışı da ləngidir.
Bununla yanaşı, hökumətin formalaşdırılması hüquqi mübahisəyə də çevrilib. Əsas müxalif Kosovo Demokratik Partiyası (PDK) parlamentin formalaşdırılması prosedurunun Konstitusiyaya uyğun olmadığını iddia edir. Sentyabrın 15-də PDK yeni hökumətin seçilməsi ilə bağlı qərarın da Konstitusiya Məhkəməsində yoxlanılması üçün ayrıca müraciət edib. Məhkəmə hələ bu müraciətlər üzrə qərar verməyib.