Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Tərəflər ikitərəfli əlaqələri və nəqliyyat imkanlarının genişləndirilməsini müzakirə ediblər.

7

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində Prezident Məsud Pezeşkianla görüşüb. Görüşdə Azərbaycan-İran münasibətlərinin inkişafı, xüsusilə iki ölkə arasında nəqliyyat əlaqələrinin və tranzit imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, tərəflər quru, hava və dəmir yolu əlaqələrinin inkişaf etdirilməsinin, eləcə də mövcud nəqliyyat dəhlizlərinin imkanlarının artırılmasının Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

Mustafayevin İrana səfərinin əsas istiqamətlərindən biri məhz nəqliyyat və tranzit əməkdaşlığıdır. Bir gün əvvəl İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə keçirilən görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı və onun ötürücülük qabiliyyətinin artırılması əsas mövzulardan biri olub.

Tərəflər həmçinin Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılmasını müsbət qiymətləndirib, sərhəd-keçid infrastrukturunun istifadəyə verilməsini müzakirə ediblər. Astara yük terminalında işlərin tamamlanması və terminalın yükaşırma imkanlarının genişləndirilməsi də gündəmdə olub.

Səfər zamanı enerji əməkdaşlığı da ayrıca müzakirə edilib. İranın neft naziri Möhsün Paknejad Şahin Mustafayevlə görüşdən sonra iki ölkə arasında neft-qaz əməkdaşlığının inkişafı üzrə yol xəritəsinin nəzərdən keçirildiyini bildirib.

Sentyabrın 29-da Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığında da Azərbaycan hökumət nümayəndə heyətinin hazırda İranda olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələr aparıldığı qeyd edilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti