Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar.
MSNews.az xəbər verir ki, bu barədə “President.az” məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov muzeylə tanış olublar.
Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib. O bildirib ki, Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1982-ci ildə ev-muzeyinə çevrilib.
Qeyd olunub ki, bina 1982-1983-cü illərdə təmir edilib, burada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib.
Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına şəhər işğaldan azad olunduqdan sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.
Bununla yanaşı, işğal dövründə vandalizmə məruz qalmış büst də mədəni irsə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi muzeydə saxlanılır.














