Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin müavini Fərhat Pirinççi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər media, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də dezinformasiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Görüşdə Azərbaycan və Türkiyə arasında strateji kommunikasiya sahəsində formalaşan institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tərəflər dəyişən qlobal informasiya mühitinin yaratdığı çağırışlar, dezinformasiyaya qarşı mübarizə, ictimai diplomatiya fəaliyyəti və Azərbaycanla Türkiyənin ortaq məsələlər üzrə beynəlxalq auditoriyaya yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Cənubi Qafqazdakı regional proseslər də müzakirə olunub. Strateji kommunikasiyanın bölgədə davamlı sülh və sabitliyin yaradılması prosesindəki roluna diqqət çəkilib. Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın yalnız ikitərəfli münasibətlər deyil, regional əməkdaşlıq və sabitlik baxımından da əhəmiyyət daşıdığı qeyd olunub.
Tərəflər kommunikasiya sahəsində əlaqələrin “bir millət, iki dövlət” prinsipi və Şuşa Bəyannaməsində təsbit edilmiş müttəfiqlik ruhuna uyğun olaraq daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.
Bundan əlavə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə səfərə dəvəti ona çatdırılıb. İki ölkənin aidiyyəti qurumları arasında təmasların və birgə fəaliyyətlərin davam etdirilməsi barədə də fikir mübadiləsi aparılıb.