“Fənərbaxça” UEFA Çempionlar Liqasında “Roma” ilə oyundan sonra istefasını açıqlayan baş məşqçi İsmail Kartalın vəzifəsində qalacağını rəsmən bəyan edib.
MSNews.az xəbər verir ki, İstanbul klubu sentyabrın 11-də yaydığı açıqlamada Kartalın komandanın başında fəaliyyətini davam etdirəcəyini bildirib.
Klubun açıqlamasında deyilir:
“Baş məşqçimiz cənab İsmail Kartal vəzifəsinin başındadır. Komandamız sabah saat 11:30-da İsmail Kartalın rəhbərliyi altında keçirəcəyi məşqlə ‘Qaziantep FK’ matçına hazırlığını davam etdirəcək.”
Məlumatı “DHA” və “TV100” yayıb.
Kartal bir gün əvvəl Çempionlar Liqasının ilk turunda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra mətbuat konfransında istefa verdiyini açıqlamışdı. O, klubun qarşısını açmaq üçün belə qərar verdiyini və “bir daha geri qayıtmamaq şərti ilə” vəzifəsini tərk etdiyini demişdi.
Bununla belə, “Fənərbaxça” prezidenti Aziz Yıldırım həmin gecə Kartalın istefasını faktiki olaraq qəbul etmədiyini göstərərək onun “vəzifəsinin başında olduğunu” bildirmişdi. Yıldırım, həmçinin “Roma” ilə görüş zamanı Kartala su şüşəsi atan azarkeşin davranışını sərt şəkildə tənqid etmişdi.
Sentyabrın 11-də keçirilən ilk məşqdə isə Kartal iştirak etməyib. Komandanı məşqə onun köməkçisi Dirk Kuyt çıxarıb. Günün sonunda klubun rəsmi açıqlaması ilə baş məşqçinin fəaliyyətini davam etdirəcəyi təsdiqlənib.