Almaniyada Dünya Kubokunun boykotu müzakirə olunur

Almaniyada siyasətçilər və ictimaiyyət Trampın Qrenlandiyanı ilhaq etməsi halında 2026-cı il Dünya Kubokunun boykot edilməsinin mümkünlüyünü müzakirə edir.

87

Almaniyada ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq və ya işğal etməsi ehtimalı fonunda 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək FIFA Dünya Kubokunun boykot edilməsi ideyası ciddi şəkildə müzakirə olunur.

Tramp bir müddətdir ki, milli təhlükəsizlik səbəblərini əsas gətirərək Qrenlandiyanın ABŞ-a məxsus olmalı olduğunu bildirir, Avropada isə bu təşəbbüsə hansı tədbirlərlə cavab veriləcəyi gündəmdədir.

Bu çərçivədə Almaniyada əsas müzakirə mövzularından biri 11 iyun–19 iyul tarixlərində keçiriləcək Dünya Kubokuna qatılmamaq ehtimalıdır. Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat Birliyi Partiyasının deputatı Yurgen Hardt mətbuata açıqlamasında ABŞ-ın Qrenlandiyanı qanunsuz şəkildə ilhaq edəcəyi halda ABŞ-da “futbol bayramı”nı təsəvvür edə bilmədiyini deyərək, avropalıların belə tədbirlərə qatılmağın uyğun olub-olmadığını yenidən dəyərləndirməli olduqlarını bildirib.

Hardt Trampı Qrenlandiya məsələsində məntiqli davranmağa sövq etmək üçün turnirə qatılmamağın son çarə kimi gündəmə gələ biləcəyini vurğulayıb.

XDBP-dan digər deputat Roderix Kizevetter isə Trampın Qrenlandiya ilə bağlı təhdidlərini reallaşdırması və Avropa İttifaqı ilə ticarət müharibəsinə başlaması halında Avropa ölkələrinin Dünya Kubokuna qatılmasını düşünməyin mümkün olmayacağını deyib. Onun sözlərinə görə, Trampa qarşı açıq və qətiyyətli mövqe nümayiş etdirilməlidir, əks halda geri çəkilmə zəiflik kimi qəbul ediləcək.

“İnsa” şirkətinin keçirdiyi sorğu Almaniyada əhalinin əhəmiyyətli hissəsinin boykotu dəstəklədiyini göstərib. “ABŞ Qrenlandiyanı ilhaq edərsə, Almaniya Dünya Kubokunu boykot etməlidirmi?” sualına cavab verənlərin 47 faizi “bəli”, 35 faizi “xeyr”, 18 faizi isə “bilmirəm” deyib.

Berlin sakinləri arasında da fikir ayrılığı müşahidə olunur. Bəziləri 1980 və 1984-cü illərdəki Olimpiya boykotlarını xatırladaraq bunun idmançılara zərər verdiyini bildirir və idmanla siyasətin ayrılmalı olduğunu düşünür. Digərləri isə boykotun bir təzyiq vasitəsi kimi vacib siqnal verəcəyini, Avropanın öz maraqları naminə daha sərt mövqe tutmalı olduğunu qeyd edir. Bir qrup vətəndaş isə boykotun Trampı qərarından daşındırmayacağını desə də, heç olmasa siyasi mesaj verməyin vacibliyini vurğulayır.