Çin İranla siyasi və iqtisadi əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirir. Çinin xarici işlər naziri Van İ iyunun 22-də Yeni Dehlidə İran rəsmisi Qadir Nizamipurla görüşündə Pekinin Tehrana öz imkanları daxilində yardımı davam etdirmək, yüksək səviyyəli əlaqələri və praktiki əməkdaşlığı dərinləşdirmək niyyətini açıqlayıb. Çin daha əvvəl İran və Livana bərpa, yenidənqurma və iqtisadi inkişaf məqsədilə yeni humanitar yardım paketinin ayrılacağını bildirmişdi.
“Reuters” yazır ki, Çin İran neftinin ən böyük alıcısıdır. Çin dövlət şirkətləri İranın energetika, elektrik infrastrukturu, ağır sənaye və nəqliyyat sahələrində müxtəlif layihələrlə maraqlanırlar.
MSNews.az-a şərhində Çin üzrə mütəxəssis Pərviz Əliyev bildirib ki, Pekinin Tehrana dəstəyini yalnız humanitar yardım kimi qiymətləndirmək düzgün olmaz:
“Çin üçün İran həm mühüm enerji mənbəyi, həm də Yaxın Şərqdə uzunmüddətli iqtisadi və siyasi mövqenin dayaq nöqtəsidir. Pekin yaranmış vəziyyətdən istifadə edərək İranın bərpa prosesində əsas tərəfdaşlardan birinə çevrilməyə çalışacaq”.
Ekspertin sözlərinə görə, ABŞ və Çin regionda bir-birindən fərqli təsir vasitələrinə üstünlük verirlər:
“Vaşinqton daha çox hərbi təzyiq və sanksiya alətlərindən istifadə etdiyi halda, Pekin infrastruktur, ticarət və investisiya vasitəsilə təsirini artırır. Müharibədən zəifləmiş İran Çin şirkətlərinə liman, enerji, sənaye və nəqliyyat layihələrinə daha əlverişli şərtlərlə daxil olmaq imkanı yarada bilər”.
Pərviz Əliyev hesab edir ki, Çinlə əməkdaşlığın dərinləşməsi Tehranın seçimlərinin məhdudlaşması ilə də bağlıdır:
“Qərblə qarşıdurma uzandıqca İranın iqtisadi tərəfdaş seçimi daralır. Bu isə Çinlə münasibətləri Tehran üçün sadəcə seçim deyil, strateji zərurətə çevirir. Pekin bu proses nəticəsində İran neftinə daha sabit və uzunmüddətli çıxış əldə edə bilər”.
Ekspertin fikrincə, Pekin–Tehran xəttinin güclənməsi ABŞ-nin regiondakı təsirinin dərhal sona çatması demək deyil. Bununla belə, İranın müharibədən sonrakı bərpa mərhələsində ən böyük iqtisadi üstünlük qazanan tərəflərdən birinin Çin olacağı gözlənilir.