Tramp İrana xəbərdarlıq etdi – “VAXT GEDİR”

ABŞ Prezidenti Donald Tramp İranı ABŞ-la razılaşma prosesini sürətləndirməyə çağırıb və “İran üçün saat işləyir” deyə xəbərdarlıq edib.

ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonla razılaşma prosesini sürətləndirməyə çağırıb. Tramp “Truth Social” hesabında yazıb ki, Tehran üçün vaxt azalır və İran rəhbərliyi danışıqlarda daha çevik davranmalıdır. ABŞ lideri paylaşımında “İran üçün saat işləyir, onlar sürətlə hərəkətə keçsələr yaxşı olar” ifadəsini işlədib. 

Vaşinqton Tehrandan zənginləşdirilmiş uran ehtiyatları, nüvə infrastrukturu və regional hərbi fəaliyyətlərlə bağlı daha ciddi güzəştlər tələb edir. İran tərəfi isə ABŞ-ın təzyiq dili ilə danışdığını bildirərək, razılaşmanın yalnız qarşılıqlı hörmət və sanksiyaların aradan qaldırılması əsasında mümkün ola biləcəyini vurğulayır.

ABŞ prezidentinin paylaşımı Tehrana qarşı siyasi təzyiqin artırılması kimi qiymətləndirilir. Tramp daha əvvəl də İranla razılaşmanın yalnız Vaşinqton üçün “uyğun və faydalı” şərtlər əsasında mümkün olacağını bildirmişdi. Onun son xəbərdarlığı diplomatik prosesin sürətləndirilməsi tələbi ilə yanaşı, danışıqların nəticəsiz qalacağı halda daha sərt addımların gündəmə gələ biləcəyinə işarə kimi dəyərləndirilir.

Hələlik İran tərəfi Trampın son paylaşımına rəsmi cavab verməyib. Bununla belə, Tehran rəsmiləri əvvəlki açıqlamalarında ABŞ-la danışıqların yalnız təhdid və hərbi təzyiq atmosferindən kənarda aparıla biləcəyini bildiriblər.