Rusiya Şimali Koreyadan daha 30 min hərbçi gözləyir

Volodimir Zelenski Rusiyanın Şimali Koreyadan əlavə 30 min hərbçi qəbul etməyə hazırlaşdığını bildirib. Ukrayna tərəfinə görə, hazırlıq işləri iyundan Voronej vilayətində aparılır.

13

Rusiya Ukraynaya qarşı müharibədə istifadə etmək məqsədilə Şimali Koreyadan əlavə 30 min hərbçi qəbul etməyə hazırlaşır.

MSNews.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə iyulun 25-də yayımlanan axşam müraciətində ölkəsinin kəşfiyyat məlumatlarına istinadən danışıb. Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin qəbulu üçün hazırlıq işləri iyun ayından Rusiyanın Voronej vilayətində aparılır.

“The Kyiv Independent” yazır ki, Zelenski Moskva ilə Pxenyan arasındakı hərbi əməkdaşlığın getdikcə dərinləşdiyini və yeni qoşunların Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb edilə biləcəyini bildirib.

Zelenskinin sözlərinə görə, Şimali Koreya Rusiyaya ballistik raketlər üçün əlavə buraxılış qurğuları göndərməyə də hazırlaşır. Ukrayna Prezidenti bu əməkdaşlığın Pxenyana real döyüş təcrübəsi qazanmaq, silahlarını təkmilləşdirmək və müasir müharibə üsullarını öyrənmək imkanı verdiyini vurğulayıb.

“Reuters” bildirir ki, Şimali Koreya 2024-cü ildə Rusiya ilə imzalanmış qarşılıqlı müdafiə sazişi çərçivəsində təxminən 14 min hərbçini Kursk vilayətinə göndərmişdi. Həmin qüvvələr Ukrayna ordusunun regiondakı əməliyyatlarına qarşı Rusiya bölmələri ilə birlikdə döyüşmüşdü.

Moskva və Pxenyan hərbi əməkdaşlığı rəsmən inkişaf etdirsələr də, əlavə 30 min Şimali Koreya hərbçisinin Rusiyaya göndərilməsi barədə Zelenskinin son açıqlaması hələ Rusiya, Şimali Koreya və ya müstəqil beynəlxalq qurumlar tərəfindən təsdiqlənməyib.

Rusiya və Şimali Koreyanın xarici işlər nazirləri iyulun 20-də Moskvada strateji danışıqlar keçiriblər. “Reuters” tərəflərin 2024-cü ildə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin icrasını, hərbi əməkdaşlığı və yüksək səviyyəli səfərləri müzakirə etdiyini yazıb.

Zelenski əlavə qoşun və raket qurğularının göndərilməsinin yalnız Ukrayna üçün deyil, Şimali Koreya raketlərinin mənzilində yerləşən Asiya ölkələri üçün də təhlükə yaratdığını bildirib. O, Ukraynanın bu təhlükəyə qarşı tədbirlər görəcəyini vurğulayıb.