“Bavariya”nın və Fransa millisinin futbolçusu Maykl Olizenin keçmiş sevgilisi olduğu bildirilən 34 yaşlı Fatima Zaunbrexer oyunçu ilə ortaq övladlarının olduğunu və onun qızı ilə indiyədək şəxsən görüşmədiyini iddia edib.
MSNews.az xəbər verir ki, Düsseldorf sakini olan qadın bu barədə Almaniyanın “Bild” nəşrinə müsahibəsində danışıb. Nəşrin məlumatına görə, söhbət hazırda 20 aylıq uşaqdan gedir.
Zaunbrexerin sözlərinə görə, o, Olize ilə 2022-ci ildə sosial şəbəkə vasitəsilə tanış olub. Onların iki il məsafəli münasibət yaşadığı, qadının bu müddətdə Düsseldorfdan Londona mütəmadi səfər etdiyi bildirilir. O, münasibətlər bitdikdən təxminən iki həftə sonra hamilə olduğunu öyrəndiyini deyib.
Qadının iddiasına əsasən, Münhendə aparılan atalıq testindən sonra Olize uşağın atası olduğunu rəsmən qəbul edib. Bununla belə, futbolçunun qızı ilə heç vaxt görüşmədiyi, tərəflər arasındakı ünsiyyətin isə yalnız hüquqşünaslar vasitəsilə aparıldığı bildirilir.
Zaunbrexer vəziyyətlə bağlı belə deyib:
“Bir insanın öz övladına qarşı bu qədər hissiz davrana bilməsi məni sarsıdır”.
Qadın qızının gələcəkdə atasını tanımasını və uşağın ehtiyaclarına uyğun maddi təminat almasını istədiyini bildirib. Onun sözlərinə görə, Olizenin vəkilləri aliment ödəməyi təklif etsələr də, məbləğ onun gözləntilərindən xeyli aşağı olub. “Bild” isə tərəflər arasında maddi təminatla bağlı ciddi mübahisənin davam etdiyini yazır.
Maykl Olize ittihamlarla bağlı ictimai açıqlama verməyib. Bununla yanaşı, futbolçunun ətrafındakı şəxslər “Bild”ə onun ana və uşaqla əlaqə yaratmaqdan heç vaxt imtina etmədiyini bildiriblər. Buna görə tərəflərin hadisələrlə bağlı versiyaları bir-birindən fərqlənir.
24 yaşlı Olize 2024-cü ilin iyulundan “Bavariya”da çıxış edir və Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.