Argentina millisinin kapitanı Lionel Messinin 2026-cı il dünya çempionatı zamanı futbolçular arasında ən çox təhlükəsizlik təhdidi alan şəxs olduğu bildirilir.
MSNews.az xəbər verir ki, “AS” İspaniyanın “Información” qəzetinin əldə etdiyi ABŞ-dakı Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzinin (IPCC) daxili sənədlərinə istinadən Messiyə qarşı bir neçə ciddi hədənin araşdırıldığını yazıb. IPCC DÇ-2026-nın təhlükəsizliyi üçün FBI-nin rəhbərliyi ilə yaradılmış və 40-dan çox ölkənin hüquq-mühafizə nümayəndələrini bir araya gətirmişdi. FBI turnir ərzində bu mərkəzin fəaliyyət göstərdiyini rəsmi olaraq təsdiqləyib.
Ən ciddi hadisələrdən biri Argentina–İordaniya oyunu ərəfəsində baş verib. Məlumata görə, bir şəxs Dallas hava limanına zəng edərək iki silahlı şəxslə birlikdə stadiona daxil olacağını, əldəqayırma partlayıcı qurğular və AR-15 tipli tüfənglə Messini hədəfə alacağını bildirib.
Argentina–Misir 1/8 final qarşılaşması öncəsi isə sosial şəbəkədə başqa bir şəxs Atlanta stadionuna daxil olaraq bədəninə bağladığı dörd partlayıcı qurğu ilə Messiyə hücum edəcəyini yazıb. Xəbərə görə, hədədən sonra stadionda partlayıcı maddələr üzrə mütəxəssislər və xidməti itlərlə əlavə təhlükəsizlik yoxlamaları aparılıb.
Bununla belə, yayılan xəbərlərdəki “Messiyə qarşı sui-qəsd planı hazırlanmışdı” ifadəsinə ehtiyatla yanaşmaq lazımdır. Açıq mənbələrdə hazırda həmin şəxslərin real hücum hazırlığı görməsi və ya partlayıcılarla stadiona yaxınlaşması barədə rəsmi FTB açıqlaması yoxdur. Söhbət təhlükəsizlik xidmətlərinin ciddi qəbul edərək araşdırdığı və qarşısını almaq üçün tədbirlər gördüyü hədələrdən gedir.
Məlumatlara görə, DÇ-2026 zamanı yalnız Messi deyil, Kriştianu Ronaldu və Kilian Mbappe kimi digər ulduzlar, həmçinin futbolçular və hakimlər də təhdidlərlə üzləşiblər.