Bakıda Dünya Çövkən Çempionatı başladı

Azərbaycan 7–13 iyun tarixlərində Çövkən üzrə Dünya Çempionatına ev sahibliyi edir. Binə Atçılıq Mərkəzində keçirilən yarışda dörd qitəni təmsil edən 10 komanda mübarizə aparır.

17

Bakıda Çövkən üzrə Dünya Çempionatına start verilib.

MSNews.az xəbər verir ki, iyunun 7-də Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimi baş tutub. “AZƏRTAC”ın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Çempionat 7–13 iyun tarixlərində Binə Atçılıq Mərkəzində keçiriləcək. Yarışın qrup mərhələsi 7–11 iyunda, yarımfinal görüşləri 12 iyunda, final və üçüncü yer uğrunda qarşılaşmalar isə 13 iyunda baş tutacaq.

Turnirdə dörd qitəni təmsil edən 10 komanda mübarizə aparır. “A” qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa, “B” qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt komandaları yer alıb.

Dünya Çempionatının ilk oyunu Azərbaycan-Özbəkistan komandaları arasında keçirilib və 4-2 hesabı ilə Azərbaycan komandası qalib gəlib.

Türkiyə və Polşa milli komandaları arasında baş tutan görüş Polşa millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün sonunda isə Nigeriya və Uruqvay milli komandaları qarşılaşıb, Uruqvay millisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Dünya Çövkən Çempionatı Azərbaycanın milli atçılıq ənənələrinin və qədim çövkən mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm idman tədbiri hesab olunur. Yarış çərçivəsində komandalar həm yüksək idman ustalığını, həm də qədim atüstü oyun ənənəsinin müasir rəqabət ruhunu nümayiş etdirəcəklər.

Çövkən Azərbaycanın milli-mədəni irsinin mühüm hissələrindən biridir. UNESCO-nun məlumatına görə, çövkən düz ot meydançasında Qarabağ atları üzərində iki komandanın iştirakı ilə oynanan ənənəvi atüstü oyundur. Bu oyun 2013-cü ildə “Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan” adı ilə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycanın ev sahibliyi etdiyi bu yarış həm idman, həm də mədəniyyət hadisəsi kimi diqqət çəkir. Çempionat iştirakçılara və tamaşaçılara qədim çövkən oyununun dinamikasını izləmək imkanı yaratmaqla yanaşı, Azərbaycanın atçılıq ənənələrinin, Qarabağ atlarının və milli idman irsinin dünyada daha geniş tanıdılmasına töhfə verəcək.