Avropa İttifaqı Orta Dəhlizə 12 milyard avroyadək investisiya cəlb edəcək

Avropa İttifaqı “Global Gateway” çərçivəsində Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır. Məqsəd 2030-cu ilədək ticarət axınlarını üç dəfə artırmaqdır.

43

Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birləşdirən Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır. Layihənin əsas məqsədlərindən biri 2030-cu ilədək dəhliz üzrə ticarət axınlarını üç dəfə artırmaqdır.

MSNews.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 16-da Avropa Parlamentində Aİ-nin vəziyyətinə dair illik çıxışında açıqlayıb.

Fon der Lyayen bildirib ki, maliyyənin cəlb olunması üçün Aİ-nin “Global Gateway” təşəbbüsündən istifadə ediləcək.

“Biz 12 milyard avroyadək dövlət və özəl investisiyanı səfərbər etməyi hədəfləyirik. Məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yük tranziti müddətini kəskin azaltmaqdır”, – Avropa Komissiyasının sədri bildirib. 

Burada söhbət Aİ büdcəsindən birbaşa 12 milyard avronun ayrılmasından deyil, dövlət və özəl mənbələrdən 12 milyard avroyadək investisiyanın cəlb edilməsindən gedir.

Orta Dəhliz Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə və ya Qara dəniz istiqamətindən Avropaya uzanan multimodal nəqliyyat marşrutudur. Azərbaycan dəhlizin Xəzər və Cənubi Qafqaz hissəsində əsas tranzit ölkələrindən biridir.

Avropa Komissiyasının məlumatına görə, dəhliz üzrə daşımaların sürətləndirilməsi də prioritetdir. Hazırda bəzi yüklərin Çin-Qazaxıstan sərhədindən Rumıniyaya çatması 45 günədək çəkə bilir. Aİ bu müddəti təxminən 15 günə endirməyi hədəfləyir.

Dünya Bankının hesablamaları da infrastruktur yatırımları, logistikanın təkmilləşdirilməsi və rəqəmsallaşmanın Orta Dəhliz üzrə ticarəti 2030-cu ilədək üç dəfə artırmağa, tranzit müddətini isə təxminən yarıya endirməyə imkan verə biləcəyini göstərir.

Fon der Lyayen layihənin həyata keçirilməsi üçün Bolqarıstanın baş naziri ilə birlikdə regional bağlantı sammitinin təşkil ediləcəyini də açıqlayıb. Sammitin konkret tarixi hələ elan olunmayıb.

Qeyd edək ki, Avropa Komissiyası iyul ayında Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantılar üçün “Global Gateway” çərçivəsində 200 milyon avroyadək qrant paketi açıqlamışdı. Komissiyanın qiymətləndirməsinə görə, həmin paket dövlət və özəl sektordan ümumilikdə 2 milyard avroyadək investisiyanın səfərbər edilməsinə imkan yarada bilər. Bakı Limanının inkişafı mümkün layihələr arasında göstərilmişdi.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.