Braziliya DÇ-2026-nın C qrupunda Şotlandiyanı 3:0 hesabı ilə məğlub edərək qrup liderliyini təmin edib.
MSNews.az xəbər verir ki, Braziliya bu qələbə ilə pley-off mərhələsinə qrup qalibi kimi yüksəlib.
Matçda hesab 7-ci dəqiqədə açılıb. Şotlandiya müdafiəsindəki səhvdən istifadə edən Vinicius Junior Braziliyanı önə keçirib.
Birinci hissənin sonlarında Vinicius Junior ikinci dəfə fərqlənərək dubl edib. Braziliya fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissədə Matheus Cunha fərqi üç topa çatdırıb və qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.
Görüşün diqqət çəkən məqamlarından biri Neymarın meydana qayıtması olub. Braziliyalı hücumçu 981 günlük fasilədən sonra milli komandanın heyətində oynayıb və əvəzedici kimi meydana daxil olub.
Şotlandiya oyunda bəzi epizodlarda təzyiq yaratmağa çalışsa da, Braziliya müdafiəsi və qapıçı Alisson rəqibə qol imkanı verməyib.
Bu nəticədən sonra Braziliya C qrupunu lider kimi tamamlayıb. Mərakeş də Hayitini 4:2 hesabı ilə məğlub edərək 7 xala yüksəlib, lakin top fərqinə görə qrupda ikinci olub.
Şotlandiya isə qrupu 3 xalla üçüncü pillədə başa vurub. Komanda pley-offa yüksəlmək üçün ən yaxşı üçüncü yer sahibləri sırasındakı nəticələri gözləməli olacaq.