İndoneziya futbolunda qeyri-adi VAR epizodu sosial şəbəkələrdə geniş müzakirə yaradıb. Hadisə aprelin 26-da Balikpapan şəhərində keçirilən “Persiba Balikpapan” – “PSS Sleman” matçında baş verib. Oyunun 50-ci dəqiqəsində baş hakim Naufal Adya Fairuski “Persiba” futbolçusu Rical Vierinin kobud oyununa görə VAR monitoruna yaxınlaşıb, lakin yayımda bu zaman VAR otağının boş olduğu görünüb.
Xəbəri MSNews.az yerli “Tirto” nəşrinə istinadən verir.
Epizoddan sonra hakim ilkin sarı vərəqə qərarını dəyişərək Rical Vierini birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Məhz, bu məqam azarkeşlər arasında suallar yaradıb: əgər VAR otağı boş idisə, hakim qərarı kiminlə məsləhətləşərək dəyişdi?
İndoneziya liqasının operatoru “I.League” isə qalmaqala rəsmi reaksiya verib. Qurumun baş direktoru Ferri Paulus bildirib ki, VAR prosesi standart protokola uyğun aparılıb, bütün VAR, AVAR və “replay” operatorları öz yerlərində olub. Onun sözlərinə görə, problem VAR sistemində deyil, yayım tərəfinin texniki xətasında yaranıb və ekranda göstərilən görüntü real vaxtdakı vəziyyəti əks etdirməyib.
“I.League” həmçinin ictimaiyyəti qısa video fraqmentləri əsasında tələsik nəticə çıxarmamağa çağırıb. Qurum VAR sisteminin oyundakı qərarvermə prosesində normal işlədiyini, hakimlə VAR otağı arasında rabitənin kəsilmədiyini və qərarın tam koordinasiya şəraitində verildiyini bildirib.
Matç 1:1 hesabı ilə başa çatıb. “Persiba” 10 nəfərlə oynamasına baxmayaraq, 89-cu dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub. Bununla belə, boş VAR otağı görüntüsü İndoneziya futbolunda texnologiyanın tətbiqi, yayım şəffaflığı və hakim qərarlarına etimad mövzusunu yenidən gündəmə gətirib.