FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının qalibi olan İspaniya millisinin paltardəyişmə otağına gedərək komandanı təbrik edib və tarixdə ilk dünya çempionluğu üzüklərini təqdim edib.
MSNews.az xəbər verir ki, ilk üzüklər finaldan bir neçə dəqiqə sonra İspaniya millisinin kapitanına və baş məşqçisinə verilib. Komanda üçün ümumilikdə 30 xüsusi üzük hazırlanacaq. Bu barədə çempionluq üzüklərinin rəsmi satış platforması məlumat yayıb.
“Reuters”in məlumatına görə, futbolçulara və məşqçilər korpusuna veriləcək üzüklər fərdi ölçülərə uyğun hazırlanacaq və üzərində İspaniya millisinin çempionluğunu əks etdirən xüsusi detallar yerləşdiriləcək. İlkin təqdim olunan nümunələr müvəqqəti versiyalar olub, fərdiləşdirilmiş üzüklər daha sonra sahiblərinə çatdırılacaq.
Üzüklərin bir tərəfində FIFA Dünya Kubokunun təsviri, digər tərəfində isə çempion komanda ilə bağlı elementlər yer alır. Hər bir nümunənin içərisində onun fərdi seriya nömrəsi həkk olunacaq.
Rəsmi məlumatda üzüyün 18 əyarlı qızıldan hazırlandığı, üzərində 89 brilyant və 36 safir daşının yerləşdirildiyi bildirilir. Məhsul İsveçrədə əl işi ilə hazırlanacaq və nömrələnmiş həqiqilik sertifikatı ilə təqdim ediləcək.
FIFA ümumilikdə 2026 ədəd çempion üzüyü buraxacaq. Onlardan 1–30 nömrəli nümunələr İspaniya millisinin futbolçuları və nümayəndə heyəti üçün ayrılıb. Qalan 1996 üzük isə azarkeşlərə rəsmi lisenziyalı məhsul kimi satılacaq. Bu, FIFA tarixində dünya çempionlarına çempionluq üzüklərinin təqdim edildiyi ilk haldır.
Sosial şəbəkələrdə hər üzüyün 30–50 min dollar arasında qiymətləndiriləcəyi barədə məlumatlar yayılsa da, rəsmi platformada İspaniya dizaynlı üzüyün satış qiyməti 12 min dollar göstərilib. Məbləğə idxal vergiləri və alıcının ölkəsində tətbiq edilə biləcək digər rüsumlar daxil deyil.