Tramp İranın DÇ-2026-da ABŞ-da oynamasına razılıq verdi

Donald Tramp FİFA prezidenti Canni İnfantinonun İranın DÇ-2026-da iştirak edəcəyi barədə açıqlamasına münasibət bildirib və “qoy oynasınlar” deyib.

9

ABŞ prezidenti Donald Tramp İran millisinin 2026-cı il dünya çempionatında iştirakına və oyunlarını ABŞ-da keçirməsinə qarşı olmadığını bildirib. Tramp bu açıqlamanı FİFA prezidenti Canni İnfantinonun İranın turnirdə iştirak edəcəyini təsdiqləməsindən sonra verib.

“Reuters”-in məlumatına görə, ABŞ lideri jurnalistlərə “Əgər Canni belə deyibsə, mən razıyam” deyib və əlavə edib: “Qoy oynasınlar”.

İnfantino Vankuverdə keçirilən 76-cı FİFA Konqresində İran millisinin DÇ-2026-da iştirak edəcəyini və əvvəlcədən müəyyən edilmiş təqvimə əsasən ABŞ-da oyunlara çıxacağını açıqlamışdı. FİFA prezidenti futbolun insanları ayırmaq yox, birləşdirmək missiyası daşıdığını vurğulayıb.

Trampın cavabı isə zarafatlı tonu ilə diqqət çəkib. “Sky Sports”-un məlumatına görə, jurnalist İran millisinin necə komanda olduğunu soruşanda Tramp əvvəlcə “yəqin yaxşı komandaları var” deyib, daha sonra isə “açığı, buna inanmaq çətindir, amma qoy oynasınlar” ifadəsini işlədib.

İranın DÇ-2026-dakı iştirakı son həftələrdə siyasi müzakirə mövzusuna çevrilmişdi. “Reuters” daha əvvəl yazmışdı ki, Trampın nümayəndəsinin İtaliyanın İranı əvəz etməsi ilə bağlı təklifi futbol dairələrində narazılıq doğurmuşdu. Buna baxmayaraq, FİFA İranın turnir cədvəlində qalacağını bildirib.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. İranın qrup mərhələsi oyunlarının ABŞ ərazisində baş tutması planlaşdırılır və FİFA hazırda bu təqvimdə dəyişiklik nəzərdə tutmur.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031