Şamaxıda Yay Fest 2026-ya start verilib

Şamaxıda süni intellekt, rəqəmsal transformasiya və innovasiyalara həsr olunan “Yay Fest 2026” başlayıb. Sentyabrın 4-dək davam edəcək festivalda 2 mindən çox gəncin iştirakı planlaşdırılır.

56

MSNews.az xəbər verir ki, iyulun 13-də Şamaxıda başlayan festival sentyabrın 4-dək davam edəcək. Bu barədə Azərbaycan Respublikasının Gənclər Fondu məlumat yayıb.

Festival Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Artıq altıncı dəfə təşkil olunan Yay Fest ötən illərdə 10 mindən çox gənci bir araya gətirib. Layihənin gənclərin intellektual, şəxsi və peşəkar inkişafına, yeni təşəbbüslərin formalaşmasına və şəbəkələşməsinə töhfə verməsi hədəflənir.

Festival çərçivəsində ardıcıl olaraq səkkiz tematik düşərgə keçiriləcək:

“Rəqəmsal dövlət”, “Media və rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir şəhərlər və texnologiya”, “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq” və “AI – İdman və sağlamlıq”.

Hər düşərgə beş gün davam edəcək. Ümumilikdə festival proqramına 2 mindən çox gəncin cəlb olunması nəzərdə tutulur.

Çadır tipli düşərgələrdə iştirakçılar dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin mütəxəssisləri ilə interaktiv görüşlərə, panel müzakirələrinə, vörkşop və ustad dərslərinə qatılacaqlar.

Proqrama, həmçinin idman yarışları, intellektual müsabiqələr, komanda quruculuğu oyunları və konsertlər daxildir. Təşkilatçılar bu fəaliyyətlərin gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların şəbəkələşməsinə və komanda ruhunun inkişafına şərait yaradacağını bildirirlər.

Festivalda iştirak ödənişsizdir. İctimai fəallığı ilə seçilən 18–25 yaşlı gənclər Yay Fest-in rəsmi saytı vasitəsilə qeydiyyatdan keçərək müsahibə mərhələsinə qatıla bilərlər. Hər bir iştirakçı yalnız bir düşərgədə iştirak etmək hüququna malikdir.