Netanyahunun oğlu adını dəyişdirdi

İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu dövlət sənədlərində adını dəyişərək “Yonatan Hun” kimi qeydiyyata alınıb. "Haaretz"-in məlumatına görə, dəyişiklik son 18 ay ərzində edilib.

15

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu dövlət sənədlərində adını rəsmən dəyişib.

MSNews.az xəbər verir ki, “Ynet”in “Haaretz”ə istinadən yaydığı məlumata görə, Yair Netanyahu son 18 ay ərzində adını “Yonatan Hun” olaraq dəyişdirib. Dəyişiklik İsrail Vergi İdarəsinin sənədlərində eyni dövlət identifikasiya nömrəsi altında qeydə alınıb.

Məlumata əsasən, 2024-cü ilin dekabrında verilən vergi arayışlarında hələ “Yair Netanyahu” adı göstərilirdi. Bu ilki sənədlərdə isə eyni identifikasiya məlumatları artıq “Yonatan Hun” adı ilə yer alıb. Sənədlərdə yaşayış ünvanı kimi “Balfour 0” göstərildiyi də bildirilir.

Israel National News” yazır ki, yeni ad ailə tarixindən götürülüb. “Hun” Sara Netanyahunun atası Şmuel Ben-Artsinin ibranicələşdirmədən əvvəlki soyadı ilə əlaqələndirilir. “Yonatan” adı isə Benyamin Netanyahunun 1976-cı ildə Entebbe əməliyyatı zamanı həlak olmuş qardaşı Yonatan Netanyahunun adına istinad edir.

Bu, Netanyahu ailəsində alternativ ad istifadəsi ilə bağlı ilk hal deyil. “Ynet”in məlumatına görə, Baş nazirin digər oğlu Avner Netanyahu bir neçə il əvvəl “Avi Avner Segal” adı ilə Böyük Britaniyada mənzil alıb. Həmin əmlak 2022-ci ildə 502,500 funt sterlinqə alınıb və Britaniya torpaq reyestrində bu adla qeydiyyata salınıb.

Mənbə qeyd edir ki, Avner həmin dövrdə Oksfordda “Regent’s Park College”-də magistr təhsili alırdı və universitetdə də “Avi Segal” adı ilə qeydiyyatdan keçmişdi. “Segal” soyadı isə Benyamin Netanyahunun anası Tsilanın qızlıq soyadı olub.

Yair Netanyahunun yeni adı ilə bağlı digər maraqlı detal onun fəaliyyəti ilə əlaqədardır. “Kikar HaShabbat”ın “Haaretz”ə istinadən yazdığına görə, o, İsrailin Milli Sığorta İnstitutu və Vergi İdarəsində reklam sahəsində fərdi sahibkar kimi qeydiyyatdadır. Eyni mənbə onun son illərdə Floridada yaşadığını və ABŞ-ın Konnektikut ştatında mühazirələrin təşkili ilə bağlı şirkət qeydiyyatdan keçirdiyini bildirir.

İsrail qanunvericiliyinə görə, şəxs adını yeddi ildə bir dəfə dəyişə bilər. Əvvəlki ada qayıtmaq və ya yeni dəyişiklik etmək üçün isə xüsusi müraciət tələb olunur.

Benyamin Netanyahu özü də ABŞ-da yaşadığı dövrdə “Ben Nitai” adından istifadə edib. Bu ad onun Amerika ictimaiyyəti üçün daha asan tələffüz olunan soyad seçimi kimi təqdim edilmişdi.