ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Suriya Prezidenti Əhməd Əl-Şaraa ilə görüşüb.
MSNews.az xəbər verir ki, Suriyanın rəsmi “SANA” agentliyi görüşün iyulun 8-də NATO sammitinin keçirildiyi məkanda baş tutduğunu bildirib. Bu, Vaşinqton və Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində mühüm diplomatik təmaslardan biri kimi qiymətləndirilir.
“Reuters”in məlumatına görə, Tramp görüş zamanı Suriyanın ABŞ-ın “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarılması barədə qərar verdiyini Əhməd Əl-Şaraaya çatdırıb. ABŞ lideri məktubunda Suriyanın yenidən qurulmasına mane olan baryerləri aradan qaldıracağını bildirib.
Bununla belə, qərarın dərhal qüvvəyə minməsi gözlənilmir. “Reuters” yazır ki, ABŞ administrasiyası Konqresi rəsmi şəkildə məlumatlandırıb və qərarın yekunlaşması üçün 45 günlük baxış müddəti nəzərdə tutulur.
Tramp görüş zamanı Əl-Şaraa haqqında müsbət fikirlər səsləndirib və onu Suriyanı birləşdirməyə çalışan “güclü və hörmətli lider” kimi xarakterizə edib. ABŞ Prezidenti Suriyanın siyahıdan çıxarılması ilə bağlı suala “düşünürəm ki, bunu edəcəyəm” cavabını verib.
ABŞ və Suriya arasında yaxınlaşma prosesi son aylarda sürətlənib. “Reuters”in daha əvvəl yaydığı məlumata görə, Tramp administrasiyası Suriyaya qarşı uzunmüddətli sanksiya proqramını dayandıran sərəncam imzalayıb və bu addım Dəməşqin beynəlxalq maliyyə sisteminə reinteqrasiyası üçün yol açıb.
“SANA”nın məlumatına əsasən, Əl-Şaraa Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərarını yüksək qiymətləndirib və bu addımın Suriya xalqı tərəfindən müsbət qarşılandığını bildirib. O, bu prosesdə Türkiyə və Körfəz ölkələrinin dəstəyini də xüsusi vurğulayıb.
Görüş NATO sammitinin rəsmi gündəminə daxil olmasa da, Ankaradakı əsas diplomatik təmaslardan biri kimi diqqət çəkib. Tərəflərin müzakirələrində Suriyanın yenidən qurulması, regional təhlükəsizlik və Dəməşqin beynəlxalq sistemə qayıdışı məsələlərinin ön planda olduğu bildirilir.