Kanadanın bir sıra qəhvəxanalarında klassik “Americano” qəhvəsi “Canadiano” adı ilə təqdim olunur. Lakin sosial şəbəkələrdə yenidən yayılan məlumatdan fərqli olaraq, bu proses 2026-cı ildə başlamayıb — təşəbbüs xüsusilə 2025-ci ilin əvvəlində ABŞ-Kanada münasibətlərində gərginlik fonunda geniş yayılıb.
MSNews.az xəbər verir ki, Britaniya Kolumbiyasında yerləşən “Kicking Horse Coffee” 2025-ci ilin fevralında ölkədəki digər kafeləri də “Americano”nu “Canadiano” adlandırmağa çağırmışdı. Maraqlıdır ki, şirkətin İnvermerdəki kafesi bu addan daha əvvəl — 2008-ci ildən istifadə etdiyini bildirirdi.
Təşəbbüs ABŞ Prezidenti Donald Trampın Kanada mallarına tarif siyasəti və Kanadanın ABŞ-ın “51-ci ştatı” olması barədə açıqlamalarına reaksiyalar fonunda populyarlaşmışdı. “The Washington Post” Toronto və Britaniya Kolumbiyasındakı bir neçə qəhvəxananın menyuda “Americano”nu “Canadiano” ilə əvəz etdiyini yazmışdı. Kafe sahiblərinin bir qismi bunu siyasi aksiyadan daha çox Kanada kimliyini və yerli biznesləri dəstəkləyən simvolik jest kimi təqdim edirdi.
Monreal yaxınlığındakı “Coco & Bean” kafesi də 2025-ci ilin martında bu dəyişikliyə qoşulmuşdu. Kafenin meneceri Şona Kordner “Global News”-a bildirib ki, məqsəd “Americano”ya daha çox Kanada xarakteri vermək və milli kimliyi yumoristik şəkildə vurğulamaq olub.
“Canadiano” termini özü də yeni yaranmayıb. Britaniya Kolumbiyası Universitetinin “Dictionary of Canadianisms on Historical Principles” bazasında sözün ən azı 2007-ci ildən istifadə edildiyi qeyd olunur. Lüğət onu əsasən isti su ilə durulaşdırılmış espresso — yəni klassik “Americano”nun Kanada variantı kimi izah edir.
2025-ci ilin mayında “Daily Coffee News” bəzi kafelərin “Canadiano” adını saxlamağa davam etdiyini yazırdı.