Suriya hakimiyyəti Bəşər Əsəd dövründən qalan gizli kimyəvi silah proqramının aşkar edilmiş komponentlərini məhv etməyə başlayıb.
MSNews.az xəbər verir ki, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) 42 aviasiya bombasının geri dönməz şəkildə məhv edildiyini təsdiqləyib.
BMT baş katibinin müavini və tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu Təhlükəsizlik Şurasında bildirib ki, bu, 2014-cü ildən bəri KSQT-nin Suriyada kimyəvi sursatların məhvini ilk dəfə təsdiqləməsidir. Avqustda ölkəyə göndərilmiş KSQT mütəxəssisləri 42 aviasiya bombasının məhv edilməsini yerində yoxlayıblar.
Söhbət KSQT təsnifatında III kateqoriyaya aid edilən, kimyəvi maddə ilə doldurulmamış sursatlardan və kimyəvi maddələrin yayılması üçün nəzərdə tutulan avadanlıqdan gedir.
Suriyanın yeni hakimiyyəti may ayında Əsəd dövrünün əvvəllər bəyan edilməmiş kimyəvi silah proqramına aid sursatlar, kimyəvi maddələr, avadanlıq və sənədlər aşkarlamışdı. KSQT həmin vaxt tapıntıların keçmiş hakimiyyətin proqramın real miqyasını beynəlxalq ictimaiyyətdən gizlətdiyinə dair əvvəlki qiymətləndirmələri gücləndirdiyini bildirmişdi.
Daha sonra Dəməşq əlavə bir kimyəvi silah istehsalı obyektini, sinir-iflicedici maddələrin hazırlanmasında istifadə olunan kimyəvi maddəni, boş sursatları və iki kimyəvi silah anbarını bəyan edib. “Reuters”-in məlumatına görə, bu obyektlər Suriyanın ilkin olaraq bəyan etdiyi kimyəvi silah proqramına daxil edilməmişdi.
Suriya 2013-cü ildə Kimyəvi Silahlar Konvensiyasına qoşulduqdan sonra bəyan etdiyi ehtiyatların böyük hissəsi beynəlxalq nəzarət altında ölkədən çıxarılaraq məhv edilmişdi. Lakin sonrakı illərdə KSQT Dəməşqin ilkin bəyannaməsinin tamlığı ilə bağlı çoxsaylı sualların açıq qaldığını bildirirdi.
Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan sonra Suriyanın yeni rəhbərliyi KSQT ilə əməkdaşlığı genişləndirib. Təşkilat hazırda ölkə ərazisində keçmiş kimyəvi silah proqramının bütün qalıqlarının müəyyənləşdirilməsi və məhv edilməsi üzərində işləyir.