Venesuela hökuməti ölkənin keçmiş sənaye naziri və Nikolas Maduroya yaxınlığı ilə tanınan kolumbiya əsilli biznesmen Aleks Saabı ABŞ-a təhvil verib. Venesuelanın Miqrasiya Agentliyi — SAIME Saabın ABŞ-da cinayət işi üzrə məhkəmə prosedurları ilə üzləşməsi üçün deportasiya olunduğunu açıqlayıb.
MSNews.az xəbəri “Reuters”-ə istinadən verir.
Saab uzun illər Maduro hakimiyyətinin əsas maliyyə fiqurlarından biri kimi təqdim olunub. ABŞ prokurorları onu Venesuelada dövlət müqavilələri, xüsusilə ərzaq idxalı və sosial yardım proqramları ilə bağlı korrupsiya sxemlərində iştirakda ittiham edirlər. Vaşinqtonun iddiasına görə, Saab dövlət müqavilələri hesabına varlanıb və Maduroya bağlı maliyyə aktivlərinin bir hissəsinə nəzarət edib.
Aleks Saab daha əvvəl də ABŞ-la bağlı hüquqi proseslərin mərkəzində olub. O, 2020-ci ildə Kabo-Verdedə saxlanılmış, daha sonra ABŞ-a ekstradisiya edilmişdi. 2023-cü ildə isə ABŞ Prezidenti Co Bayden tərəfindən əfv olunaraq Venesuelada saxlanılan amerikalı məhbuslarla mübadilə çərçivəsində Karakasa qaytarılmışdı.
Yeni təhvilvermə Venesuelada müvəqqəti prezident Delsi Rodriges administrasiyasının siyasi xəttində ciddi dönüş kimi qiymətləndirilir. Məlumatlara görə, Saab bu ilin əvvəlində Karakasda ABŞ və Venesuela hüquq-mühafizə orqanlarının birgə əməliyyatı zamanı saxlanılıb. Onun yenidən ABŞ nəzarətinə keçməsi Vaşinqton və Karakas arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın dərinləşməsi kimi şərh olunur.
“The New York Times”ın yazdığına görə, bu addım Delsi Rodrigesin apardığı siyasi təmizləmə prosesinin gücləndiyini göstərir. Saabın deportasiyasının Venesuela daxilində hakimiyyət balansına təsir edə biləcəyi, onun Maduro ilə bağlı ABŞ araşdırmalarında mühüm şəxsə çevrilə biləcəyi qeyd edilir.
ABŞ Ədliyyə Nazirliyi və Saabın vəkilləri məsələ ilə bağlı dərhal geniş şərh verməyiblər. Venesuela tərəfi isə onun ABŞ-da cinayət işi üzrə məhkəmə prosedurlarına cəlb olunacağını bildirib.