Respublikaçılar arasında İsrailə dəstək zəifləyir

“Axios” yazır ki, Qəzza müharibəsi, İranla gərginlik və Netanyahu-Tramp xəttindəki fikir ayrılıqları ABŞ Respublikaçılar Partiyası daxilində İsrailə münasibəti dəyişməyə başlayıb.

23

ABŞ Respublikaçılar Partiyası daxilində İsrailə münasibətdə narazılıq və skeptisizm artmağa başlayıb.

MSNews.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Portalın yazdığına görə, Qəzza sektorundakı müharibə, İsrailin regiondakı hərbi addımları və Baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp komandası arasındakı fikir ayrılıqları xüsusilə gənc respublikaçılar və “America First” xəttinin tərəfdarları arasında İsrailə münasibəti dəyişir.

“Axios” qeyd edir ki, Netanyahu uzun illər ərzində demokratlar arasında İsrailə dəstəyin azalmasını Respublikaçılar Partiyası ilə əlaqələri gücləndirməklə kompensasiya etməyə çalışıb. Lakin indi İsrailə tənqid təkcə demokratlar deyil, respublikaçı elektoratın müəyyən hissəsi içərisində də güclənir.

Məlumata görə, narazılıq xüsusilə onlayn sağ dairələrdə və müdaxilə əleyhinə çıxış edən “America First” tərəfdarları arasında daha açıq görünür. Taker Karlson, Meqin Kelli və Marjori Teylor Qrin kimi fiqurlar ABŞ-ın İsrailə dəstəyini daha sərt şəkildə sorğulayan simalar arasında göstərilir.

İsrailə ünvanlanan tənqidlər təkcə media şərhçiləri ilə məhdudlaşmır. “The Guardian”ın “Reuters”ə istinadən yaydığı məlumata görə, ABŞ vitse-prezidenti Cey Di Vens İranla razılaşmanı tənqid edən İsrail rəsmilərinə sərt reaksiya verib. O, İsrail hökumətinin bəzi üzvlərinin Tramp administrasiyasına hücum etməsini doğru saymadığını bildirib və Vaşinqtonun İsrail üçün əsas müttəfiq olduğunu xatırladıb.

Sorğular da ABŞ-da İsrailə münasibətdə dəyişiklik olduğunu göstərir. “Pew Research Center”in aprel ayında keçirdiyi sorğuya əsasən, respublikaçıların və respublikaçılara meyilli seçicilərin 41 faizi İsrailə mənfi münasibət bəsləyir. 18-49 yaşlı respublikaçılar arasında isə bu göstərici 57 faizə çatır. Bununla belə, ümumilikdə respublikaçıların 58 faizi İsrailə müsbət yanaşdığını bildirib.

Eyni sorğuda ABŞ ictimaiyyətində Netanyahuya inamın da azaldığı qeyd olunur. “Pew Research Center”in məlumatına görə, respublikaçılar arasında Netanyahuya münasibət artıq əvvəlki kimi birmənalı deyil: 45 faiz ona etimad göstərdiyini, 44 faiz isə az və ya heç etimad etmədiyini bildirib.

“Gallup”un fevral sorğusu da oxşar tendensiyanı göstərir. Sorğuya əsasən, respublikaçılar ABŞ-da hələ də ən çox İsrailə yaxın siyasi qrup olaraq qalır, lakin bu qrupda İsrailə müsbət münasibət 2025-ci illə müqayisədə 15 faiz bəndi azalıb.

Bununla belə, Respublikaçılar Partiyasının rəhbərliyi və yevangelist seçicilərin böyük hissəsi hələ də İsrailə güclü dəstək verir. “Axios”un yazdığına görə, əsas sual bu narazılığın birbaşa Netanyahuya, yoxsa ümumilikdə İsrail siyasətinə yönəlib-yönəlməməsidir.

Ekspertlər hesab edirlər ki, bu tendensiya davam edərsə, İsrailin ABŞ siyasətində uzun illər güvəndiyi ən mühüm dayaqlardan biri zəifləyə bilər. Hələlik isə Respublikaçılar Partiyası daxilində İsrailə münasibət tam dəyişməsə də, xüsusilə gənc sağ elektoratda ciddi fikir ayrılığı formalaşır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930