İran təhdidinə görə Tramp Türkiyədən gizli təyyarə ilə çıxarılıb

Donald Tramp İranla əlaqələndirilən qəsd təhlükəsi səbəbindən NATO sammitindən sonra Türkiyəni gizli şəkildə C-32A hərbi təyyarəsi ilə tərk edib. “Air Force One” isə prezidentin göyərtədə olduğu təəssüratını yaradaraq uçuşunu davam etdirib.

51

ABŞ Prezidenti Donald Tramp İranla əlaqələndirilən qəsd təhlükəsi səbəbindən iyulun 8-də Türkiyəni məxfi təhlükəsizlik əməliyyatı çərçivəsində “Air Force One” deyil, C-32A hərbi təyyarəsi ilə tərk edib.

MSNews.az xəbər verir ki, “The Washington Post” ABŞ rəsmilərinə və araşdırdığı materiallara istinadən əməliyyatın Trampa qarşı İranla əlaqələndirilən konkret və etibarlı qəsd təhlükəsi fonunda həyata keçirildiyini yazır. Hadisə Ankarada keçirilən NATO sammitinin başa çatmasından sonra baş verib.

Tramp əvvəlcə jurnalistlərin qarşısında köhnə, mavi-ağ rəngli prezident təyyarəsinə qalxıb və onun həmin təyyarə ilə yola düşəcəyi təəssüratı yaradılıb. Lakin daha sonra prezident və kiçik müşayiət qrupu təyyarənin kameraların görmədiyi hissəsindən hava limanının iaşə avtomobilinə keçərək yaxınlıqda gözləyən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-32A təyyarəsinə aparılıb.

Bu zaman jurnalistlər və Ağ Ev əməkdaşlarının bir hissəsi prezidentin hələ də göyərtədə olduğunu düşünərək köhnə “Air Force One” ilə Türkiyədən ayrılıblar. Beləliklə, həmin təyyarə faktiki olaraq diqqəti Trampın real marşrutundan yayındıran vasitə rolunu oynayıb. Hətta bəzi yüksək vəzifəli şəxslərin də əməliyyatın detallarından xəbərsiz olduğu bildirilir.

Tramp C-32A ilə gizli şəkildə Böyük Britaniyadakı RAF Mildenhall bazasına uçub. Prezidentin orada yenidən köhnə “Air Force One” təyyarəsinə necə keçirildiyi açıqlanmayıb. Daha sonra o, kameralar qarşısına çıxaraq Qətərin ABŞ-yə verdiyi və yenidən təchiz edilmiş Boeing 747-8 təyyarəsi ilə Vaşinqtona yola düşüb.

“Reuters” Ağ Evin əməliyyatın həyata keçirildiyini təsdiqlədiyini bildirir. Ağ Evin kommunikasiya direktoru Stiven Çunq prezidentə qarşı müxtəlif təhlükələrin mövcud olduğunu və onun təhlükəsizliyinin təmin edilməsi üçün bütün imkanlardan istifadə edildiyini deyib. Pentaqon isə əməliyyatın detalları barədə şərh verməyib.

Tramp həmin dövrdə özü də İran tərəfindən əsas hədəflərdən biri hesab edildiyini bildirmişdi. Lakin Tehran tərəfindən prezidentə qarşı konkret qəsd planının mövcudluğu barədə ictimai şəkildə təqdim edilmiş müstəqil sübut yoxdur; xəbərdə söhbət ABŞ təhlükəsizlik və kəşfiyyat strukturlarının qiymətləndirdiyi təhdiddən gedir.