Türkiyə Qəzza sektoruna doğru hərəkət edən “Qlobal Sumud Donanması” iştirakçılarının İsraildən təxliyəsini başa çatdırıb. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, İsrail qüvvələri tərəfindən saxlanılan 422 fəal, o cümlədən 85 Türkiyə vətəndaşı, xüsusi reyslərlə Türkiyəyə gətirilib. Təxliyə prosesi Türkiyə XİN-in koordinasiyası və Türkiyənin Təl-Əvivdəki səfirliyinin nəzarəti altında həyata keçirilib.
MSNews.az xəbəri “Anadolu Agentliyi”nə istinadən verir.
“Anadolu Agentliyi”nin məlumatına əsasən, fəallar İsrailin Ramon hava limanından Türkiyəyə yola salınıblar. Türkiyə XİN mənbələri bildiriblər ki, xüsusi reyslərlə ölkəyə gətirilənlər arasında müxtəlif ölkələrdən olan humanitar yardım könüllüləri də var.
“Global Sumud Flotilla” Qəzzaya humanitar yardım çatdırmaq və İsrailin dəniz blokadasına etiraz etmək məqsədilə yola çıxmışdı. İsrail qüvvələri donanmanın gəmilərini Qəzza sahillərinə çatmamış saxlayıb. Fəallar Türkiyəyə çatdıqdan sonra İstanbul hava limanında “Azad Fələstin” şüarları ilə qarşılanıblar və onların tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
Türkiyə, Braziliya, İspaniya, Pakistan, Cənubi Afrika və bir sıra digər ölkələrin xarici işlər nazirləri daha əvvəl birgə bəyanat yayaraq “Sumud Donanması”na qarşı İsrail müdaxiləsini pisləmişdilər. Bəyanatda humanitar fəalların beynəlxalq sularda saxlanılması beynəlxalq hüquq və humanitar hüququn pozulması kimi qiymətləndirilib.
İsrail tərəfi isə donanmanı Qəzzaya tətbiq etdiyi dəniz blokadasını pozmağa cəhd edən aksiya kimi qiymətləndirir. İsrail XİN bütün xarici fəalların deportasiya edildiyini bildirib. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin saxlanılan fəallarla bağlı yaydığı görüntülər beynəlxalq etirazlara səbəb olub, Baş nazir Benyamin Netanyahu isə fəalların tezliklə deportasiya olunması barədə göstəriş verdiyini açıqlayıb.