Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə hərbi qərargah yaradır

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə Müdafiə İttifaqı”nın Baş Qərargahının strukturunu və şəxsi heyətini müzakirə edir. Hakan Fidan prosesin tamamlanmaq üzrə olduğunu bildirib.

28

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə Müdafiə İttifaqı” çərçivəsində birgə hərbi Baş Qərargahın strukturunun yaradılması üzrə texniki danışıqları davam etdirir. Türkiyənin xarici işlər naziri Hakan Fidan prosesin tamamlanmaq üzrə olduğunu və yaxın dövrdə daha konkret addımların atılacağını bildirib.

MSNews.az xəbər verir ki, Fidan bunu Suriya səfəri zamanı türkiyəli jurnalistlərlə söhbətində açıqlayıb. “Anadolu Agentliyi”-nin məlumatına görə, üç ölkənin ekspertləri Baş Qərargahın strukturu və burada çalışacaq şəxsi heyətin sayı kimi məsələləri müzakirə edirlər.

Fidan bildirib ki, “Məkkə Müdafiə İttifaqı”nın institusional formalaşması davam edir və gələcəkdə onun genişləndirilməsi də nəzərdə tutulur. Bununla belə, birgə qərargahın yekun strukturu, səlahiyyətləri və fəaliyyətə başlayacağı tarix hələ açıqlanmayıb.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə Birgə Müdafiə Sazişini imzalayıblar. Razılaşmaya əsasən, üç ölkədən birinə qarşı silahlı hücum hamısına qarşı hücum kimi qiymətləndirilir. Avqustun 31-də İstanbulda keçirilən ilk Strateji Siyasi və Müdafiə Komitəsinin iclasında ittifaqın institusional strukturunun yaradılmasına başlanılıb. Səudiyyə Ərəbistanında ayrıca Baş Katiblik yaradılması və ilk üç il ərzində ona Pakistan nümayəndəsinin rəhbərlik etməsi razılaşdırılıb.

Fidan son günlər Səudiyyə Ərəbistanına edilən hücumlara da toxunub. Onun sözlərinə görə, krallığın həm cənubdan, həm də İraq ərazisindən şimal istiqamətindən hədəfə alınması qəbuledilməzdir.

“Məsələ şimaldan və cənubdan mühasirəyə almağa, kritik infrastrukturu məhv etməyə və təkcə Səudiyyə Ərəbistanına deyil, bütün regiona zərər vurmağa yönələn fəaliyyətə çevriləndə heç kim buna reaksiyasız qala bilməz”, – Fidan bildirib. 

Türkiyə Xarici İşlər Nazirliyi sentyabrın 12-də İraq ərazisindən Səudiyyə Ərəbistanına həyata keçirilən PUA hücumlarını, sentyabrın 16-da isə Məkkəni hədəf aldığı bildirilən Husi dron hücumunu rəsmən pisləyib. Ankara Səudiyyə Ərəbistanının suverenliyi və təhlükəsizliyinə dəstəyini təkrar bəyan edib.

Fidan Türkiyənin hazırkı vəziyyətdə “Məkkə İttifaqının ruhuna uyğun” hərəkət etdiyini söyləyib, lakin Ankara tərəfindən mümkün hərbi tədbirlər və ya konkret əməliyyat planları barədə məlumat verməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.