Birləşmiş Ərəb Əmirliklərində uşaqların sosial mediadan istifadəsi üçün minimum yaş həddi 15 olaraq müəyyənləşdirilib.
MSNews.az xəbər verir ki, “WAM” agentliyinin məlumatına görə, BƏƏ Nazirlər Kabineti uşaqların sosial media platformalarına çıxışını tənzimləyən yeni qərar qəbul edib. Qərara əsasən, 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdə şəxsi hesab yarada, istifadə edə və ya idarə edə bilməyəcəklər.
Məhdudiyyət sosial platformaların əsas funksiyalarına da şamil olunur. 15 yaşdan kiçik istifadəçilər paylaşım etmək, şərh yazmaq, məzmun paylaşmaq, ictimai qruplara, açıq kanallara və geniş interaktiv məkanlara qoşulmaq imkanından məhrum ediləcəklər.
“Reuters” yazır ki, yeni qaydalar BƏƏ-də fəaliyyət göstərən bütün sosial media platformalarına aid olacaq. Şirkətlər istifadəçilərin yaşını yalnız özlərinin qeyd etdiyi məlumatlara əsasən qəbul edə bilməyəcək. Bunun əvəzinə rəqəmsal identifikasiya və süni intellekt dəstəkli yaş yoxlama mexanizmləri tətbiq olunmalıdır.
Qərara görə, 15 və 16 yaşlı istifadəçilər sosial mediadan yalnız əlavə təhlükəsizlik tədbirləri ilə istifadə edə biləcəklər. Bu tədbirlərə yaşa uyğun kontent filtrləri, tanımadıqları şəxslərlə əlaqənin məhdudlaşdırılması, ekran vaxtı nəzarəti və valideyn nəzarəti funksiyaları daxildir.
Platformalar 15 yaşdan kiçik uşaqlar tərəfindən yaradılan hesabları deaktiv etməli, yaş yoxlama sistemlərindən yayınma hallarının qarşısını almalı və uşaqların şəxsi məlumatlarını hədəfli reklam və davranış profilləşdirməsi üçün istifadə etməməlidir.
“The National” qeyd edir ki, BƏƏ bu addımla uşaqların sosial mediada zərərli məzmun, təhlükəli əlaqələr, həddindən artıq ekran vaxtı və şəxsi məlumatların sui-istifadəsi kimi risklərdən qorunmasını hədəfləyir.
Sosial media şirkətlərinə yeni qaydalara uyğunlaşmaq üçün 12 aya qədər keçid müddəti verilib. BƏƏ bu qərarla uşaqların onlayn təhlükəsizliyini gücləndirməyə çalışan ölkələr sırasına qoşulub.