BƏƏ ABŞ-ın tələbi ilə İrana 3 milyard dollar göndərib?

İsrail mediası İranla bağlı 3 milyard dollarlıq aktivlərin Abu-Dabidən Tehrana təyyarə ilə aparıldığına dair iddia yayıb. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

51

Yaxın Şərqdə gərginliyin azaldılması fonunda İrana 3 milyard dollarlıq aktivlərin ötürülməsi ilə bağlı iddia beynəlxalq mediada müzakirə yaradıb.

MSNews.az-ın “KAN”a istinadən məlumatına görə, İsrailin ictimai yayım qurumu İnqilab Keşikçiləri Korpusu ilə əlaqələndirilən xəbər agentliyinə istinadla bildirib ki, ABŞ İran aktivlərinin 3 milyard dollar həcmində dondurulmuş hissəsinin açılmasına razılıq verib və həmin vəsaitin Abu-Dabidən Tehrana uçuşla aparıldığı iddia olunub.

Məlumata görə, iddia edilən mesaj mübadiləsi Qətər nümayəndə heyəti vasitəsilə həyata keçirilib. Bildirilir ki, ABŞ tərəfinin mesajında İsrailin Livandakı zərbələrini məhdudlaşdıracağına dair təminat da yer alıb. İddialara əsasən, bundan sonra İran İsrailə qarşı birbaşa hücumlarını dayandırıb.

Sosial şəbəkələrdə və OSINT kanallarında yayılan məlumatlarda BƏƏ-yə məxsus “Royal Jet” aviaşirkətinin “Boeing 737” tipli təyyarəsinin Abu-Dabidən Tehrana uçduğu və Mehrabad hava limanına endiyi bildirilir. Lakin təyyarədə həqiqətən 3 milyard dollar dəyərində vəsait və ya aktivlərin daşındığını təsdiqləyən müstəqil sübut təqdim olunmayıb.

“Reuters” yazır ki, ABŞ Prezidenti Donald Tramp iyunun 8-də İsrail və İranın dərhal atəşkəsə hazırlaşdığını bildirib və yekun sülh danışıqlarının davam etdiyini qeyd edib. Eyni zamanda, agentlik Tehranla Vaşinqton arasında diplomatik mesajlaşmanın “son dərəcə şübhəli atmosferdə” aparıldığını İran Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verib.

İranın dondurulmuş aktivləri son həftələrdə ABŞ-İran danışıqlarının əsas mübahisə mövzularından biri olaraq qalır. “Reuters” daha əvvəl yazmışdı ki, Tehran öz aktivlərindən ABŞ-ın Körfəzdəki müttəfiqlərinə dəymiş zərərin ödənilməsi üçün istifadə olunması ehtimalını rədd edib və belə bir addımı qanunsuz sayacağını bildirib.