Meksika Prezidenti mundial biletini azarkeşə verib

Meksika Prezidenti Klaudiya Şeynbaum DÇ-2026-nın açılış matçına getmədiyini və bahalı biletini oyuna getmək imkanı olmayan gənc futbolsevərə verdiyini açıqlayıb.

23

Meksika Prezidenti Klaudiya Şeynbaum Dünya Kubokunun açılış matçına getməməsinin səbəbini açıqlayıb.

MSNews.az xəbər verir ki, Şeynbaum Meksika ilə Cənubi Afrika arasında keçirilən ilk oyuna dəvət aldığını və biletinin olduğunu, lakin stadiona getməkdən imtina etdiyini bildirib.

Meksika Prezident Administrasiyasının yaydığı rəsmi stenoqramda Şeynbaum biletlərin çox baha olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi biletlərin qiyməti 120 min peso (təxminən 7 min dollar), bəzilərinin isə 80 min peso civarında olub.

“Bu məbləğdə bileti çox az adam ala bilər”, – deyə Meksika Prezidenti bildirib.

The Guardian” yazır ki, Şeynbaum öz VIP biletini Verakruzdan olan gənc idmançı Yolett Servantes Suakehuaya verib. O, futbolu sevən, lakin belə bahalı bileti almaq imkanı olmayan gənc qadın kimi təqdim olunub.

Şeynbaum daha əvvəl də Dünya Kubokunun açılış oyununa ayrılan xüsusi biletini futbola həvəsli bir gəncə verəcəyini açıqlamışdı. “Reuters”in məlumatına görə, söhbət “00001” nömrəli premium biletdən gedirdi.

Prezident stadiona getməsə də, oyunu azarkeşlərlə birlikdə ictimai izləmə məkanlarından birində izləyib. Onun bu addımı sosial şəbəkələrdə həm yüksək bilet qiymətlərinə etiraz, həm də simvolik jest kimi qiymətləndirilib.