İngiltərənin “Hull City” klubunun sahibi, türkiyəli iş adamı Acun Ilıcalı komandanın Premyer Liqaya yüksəlməsi münasibətilə futbolçulara verdiyi vədi yerinə yetirib.
İngiltərə mediasının məlumatına görə, Ilıcalı pley-off finalından əvvəl komanda elitaya yüksələrsə, futbolçuları Las-Veqasa göndərəcəyini bildirmişdi və qələbədən sonra bu sözünü tutub. “The Sun” yazır ki, “Hull City” futbolçuları yüksəlişin ardından Las-Veqasa səfərlə mükafatlandırılıblar.

“Hull City” Premyer Liqaya vəsiqəni dramatik şəkildə qazanıb. Komanda “Championship” pley-off finalında “Middlesbrough”u məğlub edərək 9 illik fasilədən sonra İngiltərə futbolunun ən yüksək divizionuna qayıdıb. Həlledici qolu 95-ci dəqiqədə Oli Makbörni vurub.
Məlumata görə, Acun Ilıcalı daha əvvəl futbolçulara Premyer Liqaya yüksələcəkləri halda onları şəxsi təyyarəsi ilə Las-Veqasa aparacağını vəd etmişdi. Sosial şəbəkələrdə yayılan məlumatlarda türkiyəli iş adamının bu vədi yerinə yetirdiyi və komandanın səfər üçün onun şəxsi jetindən istifadə etdiyi bildirilir.
Acun Ilıcalı “Hull City”ni 2022-ci ildə alıb. Onun rəhbərliyi dövründə klubda iddialı layihə qurulub və komanda nəhayət Premyer Liqaya qayıtmağı bacarıb. “Hull City” futbolçuları, məşqçilər heyəti və klub rəsmiləri yüksəlişdən sonra şəhərdə azarkeşlərlə birlikdə bayram tədbirlərində iştirak ediblər.