Rodri “Barselona”ya keçsə, Ferran Torresin evində yaşayacaq

Jerar Romeronun məlumatına görə, Rodri “Barselona”ya transfer olunacağı halda Ferran Torresin Barselonadakı evində yaşayacaq. Torresin isə PSJ-yə keçidi üzrə danışıqlar davam edir.

56

“Manchester City”nin yarımmüdafiəçisi Rodrinin “Barselona”ya mümkün transferi ilə bağlı maraqlı detal ortaya çıxıb. İddiaya görə, ispaniyalı futbolçu Kataloniya klubuna keçəcəyi halda milli komandadakı komanda yoldaşı Ferran Torresin evində yaşayacaq.

MSNews.az xəbər verir ki, jurnalist Jerar Romero bildirib ki, Rodrinin Ferran Torresin Barselonadakı evində qalması məsələsi futbolçular arasında artıq danışılıb. Romeronun sözləri sosial mediada “Rodri Ferranın evində yaşayacaq, bu məsələ onların arasında artıq razılaşdırılıb” şəklində yayılıb.

Bu məlumat iki futbolçunun transfer proseslərinin eyni vaxta təsadüf etməsi fonunda diqqət çəkib. “Marca” yazır ki, Ferran Torres PSJ-yə keçməyə müsbət yanaşır və Paris klubu ilə “Barselona” arasında danışıqlar davam edir. Nəşrin son məlumatına görə, Kataloniya klubunda Ferranın satışının və Rodrinin transferinin yaxın günlərdə yekunlaşa biləcəyinə ümid edirlər.

Rodrinin transferi isə hələ tamamlanmayıb. “The Guardian” bildirir ki, “Manchester City” “Barselona”nın təxminən 45 milyon avroluq ilk təklifini rədd edib və futbolçu üçün daha yüksək məbləğ tələb edir. Bununla belə, Rodrinin “Barselona”ya keçmək istədiyi və şəxsi şərtlərlə bağlı razılığın əldə olunduğu bildirilir.