Tramp “diskombobulyator” silahı ilə bağlı yeni paylaşım etdi

ABŞ prezidenti Donald Tramp “Truth Social”da “You’re getting discombobulated” yazılı hərbi üslublu görüntü paylaşıb. Daha əvvəl o, “diskombobulyator” adlı gizli silahdan danışmışdı.

12

ABŞ prezidenti Donald Tramp “diskombobulyator” adlı gizli silahla bağlı ifadəni yenidən gündəmə gətirib.

MSNews.az xəbər verir ki, “Iran International”ın məlumatına görə, Tramp “Truth Social” hesabında özünü hərbi komandan obrazında göstərən süni intellektlə hazırlanmış görüntü paylaşıb. Görüntüdə ABŞ hərbi gəmiləri və qırıcıları fonunda “You’re getting discombobulated” ifadəsi yer alıb.

Paylaşımda konkret ölkə və ya şəxs hədəf göstərilməyib. Buna görə mesajın kimə ünvanlandığı rəsmi şəkildə açıqlanmayıb. Lakin paylaşım ABŞ-İran razılaşması, Hörmüz boğazı və Yaxın Şərqdəki gərginlik fonunda geniş müzakirə doğurub.

“Discombobulator” ifadəsi Trampın daha əvvəl Venesuela ilə bağlı açıqlamalarından sonra gündəmə gəlmişdi. Tramp ABŞ qüvvələrinin Venesuelada Nikolas Maduronun saxlanılması əməliyyatı zamanı “The Discombobulator” adlandırdığı gizli silahdan istifadə etdiyini iddia etmişdi.

Tramp həmin silahın Venesuela, Rusiya və Çin istehsalı olan hərbi avadanlıqları işləməz hala saldığını bildirmişdi. Onun sözlərinə görə, əməliyyat zamanı qarşı tərəf raketləri işə sala bilməyib və “düymələrə bassalar da, heç nə işləməyib”.

SCMP” AFP-yə istinadən yazır ki, Tramp “Fort Bragg” hərbi bazasında çıxışı zamanı da bu cihazdan bəhs edib. O, “Rusiya avadanlığı işləmədi, Çin avadanlığı işləmədi” deyərək silahın müdafiə sistemlərini blokladığını bildirib.

Bununla belə, “diskombobulyator”un real texniki xüsusiyyətləri, mövcudluğu və tətbiq mexanizmi barədə rəsmi detallı məlumat yoxdur. Tramp bu barədə danışarkən “mənə bunu izah etməyə icazə verilmir” ifadəsini işlədib.

Ekspertlər isə ehtiyatlı yanaşırlar. Açıq mənbələrdə “diskombobulyator” adlı təsdiqlənmiş rəsmi silah sistemi barədə məlumat yoxdur. Bu səbəbdən Trampın açıqlamaları hələlik ABŞ prezidentinin siyasi və hərbi ritorikası kimi qiymətləndirilir.

Yeni paylaşım onun rəqiblərinə və xarici opponentlərinə ünvanlanmış xəbərdarlıq kimi şərh olunsa da, Ağ Ev mesajın konkret mənası ilə bağlı ayrıca açıqlama verməyib.