Vaşinqtonun mərkəzində Donald Trampa qarşı potensial təhdid kimi yozulan nəhəng “86 47” rəqəmləri aşkarlanıb.
MSNews.az xəbər verir ki, “ABC News”un məlumatına görə, ABŞ Park Polisi National Mall ərazisində, İkinci Dünya müharibəsi Milli Memorialının yaxınlığında qazonda görünən rəqəmlərlə bağlı araşdırma aparır.
Rəqəmlər yerdən tapdalanmış və ya rəngi solmuş ot sahələri kimi görünür. Lakin onların forması hündürlükdən, o cümlədən Vaşinqton monumenti istiqamətindən daha aydın seçilir. “ABC News” yazır ki, “EarthCam” görüntülərində rəqəmlərin ən azı çərşənbə günündən etibarən qazonda göründüyü məlum olub.
“Reuters”in məlumatına görə, hüquq-mühafizə orqanları rəqəmlərin ot örtüyündə hansı üsulla yaradıldığını müəyyənləşdirməyə çalışır. Park Polisi rəng dəyişikliyinin səbəbinin hələ bilinmədiyini bildirib, ərazidən torpaq və bitki nümunələri götürülüb.
ABŞ Daxili İşlər Departamenti hadisəni vandalizm kimi qiymətləndirib və prezidentə qarşı istənilən potensial təhdidin ciddi qəbul edildiyini açıqlayıb. Hadisə yerində Milli Park Xidmətinin əməkdaşları ərazini lentə alıb, Milli Qvardiya üzvlərinin isə ictimaiyyəti qazondan uzaqlaşdırdığı bildirilib.
“86 47” ifadəsi ABŞ-da siyasi mübahisələrə səbəb olan simvollardan biri hesab olunur. Amerika slenqində “86” ifadəsi bəzən “kimdənsə və ya nədənsə qurtulmaq”, “kənarlaşdırmaq” mənasında işlədilir. “47” rəqəmi isə Donald Trampın ABŞ-ın 47-ci prezidenti olması ilə əlaqələndirilir.
“TIME” yazır ki, Tramp administrasiyası bu rəqəm kombinasiyasını prezidentə qarşı təhdid və ya zorakılığa işarə kimi qiymətləndirir. Bununla belə, ifadənin mənası ilə bağlı ABŞ ictimaiyyətində fərqli şərhlər mövcuddur.
“The Guardian” qeyd edir ki, “8647” ifadəsi daha əvvəl keçmiş FTB direktoru Ceyms Kominin sosial şəbəkədə paylaşdığı foto ilə də gündəmə gəlmişdi. ABŞ hökuməti həmin paylaşımı Trampa qarşı təhdid kimi qiymətləndirmiş, Komi isə zorakılıq çağırışı etmək niyyətində olmadığını bildirmişdi.
Hazırda hadisə ilə bağlı saxlanılan şəxs barədə məlumat yoxdur. Araşdırmanın nəticələri ot örtüyündəki izlərin qəsdən yaradılıb-yaradılmadığını və bunun hansı üsulla həyata keçirildiyini müəyyənləşdirməlidir.