Maduronun oğlu xalqı etiraz aksiyalarına çağırdı

Venesuela Prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra ABŞ-ın hərbi müdaxiləsinə etiraz olaraq xalqı və beynəlxalq ictimaiyyəti kütləvi aksiyalara çağırıb.

21

Venesuela Prezidenti Nikolas Maduronun oğlu, deputat Nikolas Maduro Guerra ölkə əhalisini və beynəlxalq ictimaiyyəti etiraz aksiyalarına qoşulmağa çağırıb.

Yerli mətbuatın məlumatına görə, Maduro Guerra ALBA-TCP tərəfindən təşkil olunan onlayn toplantıda çıxış edərək, ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlara sərt reaksiya verib. O bildirib ki, baş verən hadisələr təkcə Venesuelaya deyil, bütün Latın Amerikasına qarşı yönəlmiş təhlükədir və buna kollektiv şəkildə cavab verilməlidir.

Maduro Guerra ABŞ-ın son hərbi müdaxiləsi nəticəsində 100-dən çox insanın həyatını itirdiyini iddia edərək, bu addımı “zorakılıq və faşist ideologiyasının ixracı” kimi qiymətləndirib. Onun sözlərinə görə, sükut bu cür addımların legitimləşdirilməsinə xidmət edir və buna görə də xalqlar küçələrdə olmalıdır.

O, 3 fevral tarixində Venesuelada və dünyanın müxtəlif ölkələrində kütləvi etiraz aksiyalarının keçirilməsinə çağırış edib və bu aksiyaların tək günlük yox, davamlı xarakter daşımasının vacibliyini vurğulayıb. Maduro Guerra həmçinin fevral ayının ilk həftəsində Karakasda beynəlxalq hüquq mütəxəssislərinin iştirakı ilə toplantı keçiriləcəyini açıqlayıb.

Çıxışında ölkədaxili siyasi vəziyyətə də toxunan Maduro Guerra Venesuela xalqının xarici müdaxilələrə qarşı birləşdiyini, hökumətə və müvəqqəti dövlət rəhbərliyinə dəstəyin davam etdiyini bildirib.