Amerikalı siyasi şərhçi Takker Karlson ABŞ rəhbərliyinin Yaxın Şərq siyasətində müstəqil qərar vermədiyini iddia edib.
MSNews.az xəbər verir ki, Karlson son açıqlamasında ABŞ liderlərinin ölkəni real mənada idarə etmədiyini, böyük tarixi qərarların isə seçilmiş rəhbərlərin iradəsindən kənarda qəbul olunduğunu bildirib. Onun sözlərinə görə, Amerika rəsmiləri “bəzi qərarlar qəbul edə, çıxışlar edə və siyasi səs-küy yarada bilərlər”, lakin əsas istiqaməti müəyyən edən fiqurlar onlar deyil.
Karlson İranla müharibə kontekstində əsas rolun İsrailin baş naziri Benyamin Netanyahuya məxsus olduğunu iddia edib. O bildirib ki, müharibənin vaxtını və siyasi çərçivəsini ABŞ prezidenti deyil, Netanyahu müəyyənləşdirib.
“The Tucker Carlson Show” səhifəsində yayımlanan əvvəlki monoloqlarda da Karlson İranla müharibənin ABŞ-ın təhlükəsizlik maraqlarından daha çox İsrailin siyasi və hərbi məqsədləri ilə bağlı olduğunu irəli sürmüşdü. O, İsrail rəsmilərinin Donald Trampı müharibəyə cəlb etdiyini iddia etmişdi.
“The Times of Israel” daha əvvəl yazmışdı ki, Karlson İsrail mediasına müsahibəsində Trampı Netanyahu qarşısında “təzyiqə boyun əyməkdə” ittiham edib və İsrail baş nazirinin ABŞ-ı öz müharibəsinə çəkdiyini bildirib.
Ağ Ev isə Karlsonun bu mövqeyini rədd edib. “The Times of Israel”in məlumatına görə, ABŞ administrasiyası Trampın İranla bağlı mövqeyinin uzun müddətdir dəyişmədiyini və onun qərarlarının Amerika milli təhlükəsizlik maraqları əsasında verildiyini bildirib.