ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji infrastrukturuna qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəldiyini elan edib. Lakin Ukrayna rəhbərliyi əvvəlcə belə bir razılaşmadan xəbərsiz olduğunu bildirib. Sonradan Prezident Volodimir Zelenski Ukrayna ordusuna müvafiq əmrlər verildiyini açıqlasa da, Rusiya zərbələrinin davam etdiyini vurğulayıb.
MSNews.az xəbər verir ki, Tramp oktyabrın 11-də “Truth Social” sosial şəbəkəsində paylaşım edərək enerji obyektlərinə hücumların dərhal dayandırılacağını bildirib.
“Bu andan etibarən Rusiya və Ukrayna arasındakı müharibədə enerji atəşkəsi qüvvəyə minir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!” – deyə ABŞ prezidenti yazıb.
Lakin “Axios” nəşrinə danışan Zelenski bu açıqlamanın onun üçün yenilik olduğunu söyləyib. Ukrayna lideri Rusiyanın həqiqətən enerji obyektlərinə hücumları dayandırmağa razılaşacağı təqdirdə Kiyevin də eyni addımı atmağa hazır olduğunu bildirib.
Bununla belə, Zelenski daha sonra Ukrayna Silahlı Qüvvələrinin enerji atəşkəsi ilə bağlı bütün müvafiq əmrləri aldığını açıqlayıb.
Ukraynanın “Ukrinform” agentliyinin məlumatına görə, Zelenski axşam videomüraciətində bildirib ki, Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmağa hazırdır, lakin Moskvadan da eyni addımı gözləyir. Verilən hərbi əmrlərin konkret məzmunu açıqlanmayıb.
Atəşkəs elanından sonra da Ukraynanın enerji obyektlərinə hücumlar davam edib.
“Financial Times” qəzetinin məlumatına görə, Zelenski Rusiyanı enerji atəşkəsini pozmaqda ittiham edib. Ukrayna tərəfi Kiyev və digər şəhərlərdə elektrik və su təchizatının bərpası işlərinin davam etdiyini bildirib.
Atəşkəs mübahisəsi fonunda Tramp Ukraynada prezident dəyişikliyinə də çağırış edib.
ABŞ lideri Zelenskinin müharibəni başa çatdırmaq üçün mümkün razılaşmalardan istifadə etmədiyini iddia edərək Ukraynanın yeni prezident seçməli olduğunu bildirib.
Zelenski isə “ABC News” telekanalına müsahibəsində ölkə rəhbərini yalnız Ukrayna xalqının seçə biləcəyini vurğulayıb. O, Rusiyanın 60 günlük tam atəşkəsə razılaşacağı təqdirdə seçkilərin təşkilinə hazır olduqlarını bildirib.