Netanyahu ABŞ yardımından imtina edir?

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan alınan hərbi maliyyə yardımının tədricən dayandırılmasını və münasibətlərin yardım formatından tərəfdaşlıq modelinə keçməsini istəyir.

18

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan alınan hərbi maliyyə yardımının tədricən dayandırılması prosesinə artıq bu il başlamaq istədiyini bildirib.

MSNews.az xəbər verir ki, Netanyahu bunu İsrailin iqtisadi gücünün artması və Vaşinqtonla münasibətlərin yeni modelə keçməsi zərurəti ilə izah edib.

“CBS News”un “60 Minutes” proqramındakı müsahibəsində Netanyahu bildirib ki, İsrail ABŞ-la hərbi əməkdaşlığın maliyyə komponentini sıfıra endirmək istəyir. Onun sözlərinə görə, İsrail hər il ABŞ-dan təxminən 3,8 milyard dollar hərbi yardım alır və artıq bu asılılığı azaltmağın vaxtı çatıb.

“Mən Amerika maliyyə dəstəyini sıfıra endirmək istəyirəm. Biz hər il 3,8 milyard dollar alırıq. Düşünürəm ki, qalan hərbi dəstəkdən tədricən uzaqlaşmağın vaxtıdır”, – Netanyahu bildirib.

Baş nazir prosesin növbəti 10 il ərzində həyata keçirilməsini istədiyini deyib. O, bu addımı gecikdirmək niyyətində olmadığını vurğulayıb.

“Mən növbəti Konqresi gözləmək istəmirəm. İndi başlamaq istəyirəm”, – Netanyahu qeyd edib.

“Reuters” yazır ki, hazırkı ABŞ-İsrail hərbi yardım sazişi 2018–2028-ci illəri əhatə edir və ümumilikdə 38 milyard dollarlıq yardım paketini nəzərdə tutur. Bu çərçivədə İsrail hər il təxminən 3,8 milyard dollar dəstək alır.

Netanyahu son açıqlamalarında bu sistemi “yardım alan ölkə” modelindən “bərabər tərəfdaşlıq” modelinə çevirmək istədiyini bildirib.

“Jewish Insider”in məlumatına görə, Netanyahu ABŞ-la yeni anlaşma memorandumu üzərində iş aparıldığını və bu sənədin yardımın tədricən azaldılmasını nəzərdə tutacağını deyib. O, prosesin Tramp administrasiyasının son iki ili ərzində başlamasını istədiyini bildirib.

Netanyahuya görə, İsrail artıq əvvəlki kimi kiçik iqtisadiyyat deyil və ABŞ-dan aldığı maliyyə dəstəyinin ÜDM-dəki payını özü qarşılaya bilər.

“Open Magazine”“Rediff” Netanyahuya istinadən onun “Amerika yardımını dayandırmaq istəyirəm. Bu, sosial müavinət kimidir, mən bunu istəmirəm” dediyini yazıb. Həmin mənbələrə görə, İsrail baş naziri prosesin bu ildən başlamasını istədiyini də bildirib.

Netanyahunun mövqeyi ABŞ-da İsrailə yardım məsələsinin daha çox müzakirə olunduğu bir dövrə təsadüf edir. Qəzza müharibəsi, İranla gərginlik və ABŞ daxilində xarici yardım xərcləri ilə bağlı narazılıqlar Vaşinqtonda bu mövzunu daha həssas edib.

“The Washington Post” yazır ki, Respublikaçı konqresmen Marlin Stutzman ABŞ-ın İsrailə pulsuz hərbi yardım modelindən imtina etməsini və İsrailin Amerika silahlarını öz hesabına almasını nəzərdə tutan qətnamə təşəbbüsü irəli sürüb. Məlumata görə, Netanyahu bu istiqaməti dəstəkləyib.

Netanyahu hesab edir ki, belə bir dəyişiklik İsrailin ABŞ xəzinəsini “boşaltması” barədə iddiaları da zəiflədə bilər. Onun fikrincə, gələcək model yardım yox, texnologiya, müdafiə istehsalı və innovasiya sahələrində bərabər tərəfdaşlıq üzərində qurulmalıdır.

Bununla belə, söhbət ABŞ-İsrail təhlükəsizlik əməkdaşlığının tam dayandırılmasından getmir. Netanyahu əsasən hərbi yardımın maliyyə komponentinin tədricən azaldılmasını nəzərdə tutur. ABŞ-la müdafiə, kəşfiyyat, texnologiya və silah istehsalı sahələrində əməkdaşlığın isə yeni formatda davam etdirilməsi planlaşdırılır.

Ekspertlər hesab edirlər ki, bu mövqe həm İsrailin iqtisadi müstəqillik mesajı, həm də ABŞ-da dəyişən siyasi ab-havaya uyğunlaşmaq cəhdidir. Netanyahu isə bunu İsrailin “yetkinləşməsi” və artıq öz təhlükəsizlik ehtiyaclarını daha çox öz resursları ilə maliyyələşdirə bilməsi kimi təqdim edir.