Ermənistanda seçici fəallığı 48,92%-ə çatdı

Ermənistanda parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı açıqlanıb. MSK-nın məlumatına görə, səsvermədə 1 224 957 nəfər iştirak edib və fəallıq 48,92% təşkil edib.

15

Ermənistanda parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı 48,92% təşkil edib.

MSNews.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-dək səsvermədə 1224957 seçici iştirak edib. Bu göstərici ölkə üzrə seçicilərin 48,92%-nə bərabərdir.

MSK-nın vilayətlər üzrə açıqladığı məlumatlara əsasən, seçici fəallığına Sünik vilayəti başçılıq edir. Növbəti yerdə Tavuş vilayəti qərarlaşıb. Ən aşağı fəallıq isə Armavir vilayətində qeydə alınıb.

“Ermənistan İctimai Radiosu” da MSK-ya istinadən yazıb ki, seçici fəallığının ən yüksək olduğu bölgələr sırasında Sünik və Tavuş öndədir. Paytaxt Yerevanda isə fəallıq göstəricisi ölkənin digər bir sıra bölgələri ilə müqayisədə daha aşağı olub.

MSK-nın təqdim etdiyi müqayisəli məlumatlara əsasən, Ermənistanda saat 17:00-a olan seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə belədir: 2026-cı ildə 1224 957 nəfər və ya 48,92%, 2017-ci ildə 1 317 934 nəfər və ya 50,92%, 2018-ci ildə 1 025 003 nəfər və ya 39,53%, 2021-ci ildə isə 989 973 nəfər və ya 38,18%.

Bu göstəricilər 2026-cı il seçkilərində fəallığın 2018 və 2021-ci illərlə müqayisədə daha yüksək, 2017-ci illə müqayisədə isə bir qədər aşağı olduğunu göstərir.

Ermənistan MSK-nın əvvəlki məlumatına görə, ölkədə səsvermə üçün ümumilikdə 2005 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u cəzaçəkmə müəssisələrində yerləşir. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və saat 20:00-da başa çatacaq.

Reuters” yazır ki, Ermənistanda keçirilən parlament seçkiləri ölkənin Azərbaycanla sülh prosesi, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Rusiya-Qərb xəttində gələcək xarici siyasət kursu baxımından mühüm əhəmiyyət daşıyır.