Ermənistan Baş naziri aparatının rəhbəri Araik Arutyunyan ölkənin keçmiş hərbi-siyasi rəhbərliyini, “Qarabağ klanı” kimi təqdim olunan siyasi dairələri və onlarla əlaqəli oliqarxik strukturları ordu üzərindən korrupsiya mexanizmləri qurmaqda ittiham edib.
Arutyunyan sosial şəbəkə paylaşımında keçmiş rəhbərliyin “vətənpərvərlik” ritorikasının arxasında illərlə ordunun resursları hesabına formalaşmış korrupsiya şəbəkələrinin dayandığını iddia edib. O, keçmiş hərbi rəhbərliklə bağlı mülkiyyət və dövlət vəsaitləri ətrafında yaranmış qalmaqallara toxunaraq, generallardan birinin şəxsi mülkünün əvvəlcə dövlət imkanları hesabına inşa edildiyini, daha sonra orduya satıldığını, sonradan isə həmin şəxsin orada pulsuz yaşadığını bildirib.
Bəyanatda Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan, eləcə də Karen Karapetyan, Qaqik Tsarukyan və keçmiş ombudsman Arman Tatoyan kimi fiqurların adı çəkilib. Arutyunyan bu dairələri xalqın hesabına saxlanılan ordu üzərindən siyasi və iqtisadi maraqlarını təmin etməkdə ittiham edib. Onun sözlərinə görə, bu faktlardan sonra keçmiş rejimin və revanşist qüvvələrin nümayiş etdirdiyi “vətənpərvərlik” çıxışları inandırıcı görünmür.
Ermənistanın rəsmi mənbələrində də son dövrlər keçmiş müdafiə naziri Seyran Ohanyanla bağlı korrupsiya ittihamları geniş yer alıb. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Ohanyanın “Sevan” milli parkı ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməsi, həmin ərazidə villa tikintisinin təşkili və böyük həcmdə əmlakın bəyan edilməməsi ilə bağlı ittihamlar irəli sürülüb.
Ermənistan mediasının yazdığına görə, söhbət Geğarkunik vilayətinin Draxtik icmasında yerləşən 10 526 kvadratmetrlik ərazidən gedir. İddialara əsasən, həmin ərazi 2010-2015-ci illərdə qanuni əsas olmadan istifadə olunub və orada xüsusi mülk inşa edilib. Bu prosesdə Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və hərbi polis əməkdaşlarının da adı hallanır.

Araik Arutyunyanın açıqlaması Ermənistanda daxili siyasi mübarizənin kəskinləşdiyi bir dövrə təsadüf edir. Onun bəyanatı keçmiş hərbi-siyasi elitanın ordu, dövlət büdcəsi və milli təhlükəsizlik mövzularından siyasi alət kimi istifadə etdiyi barədə hakimiyyətin irəli sürdüyü ittihamların davamı kimi qiymətləndirilir.
Azərbaycan baxımından isə bu açıqlamalar Ermənistanın işğal dövründə formalaşmış hərbi-siyasi sisteminin mahiyyəti ilə bağlı Bakının illərlə səsləndirdiyi arqumentləri yenidən gündəmə gətirir. Rəsmi İrəvanın keçmiş ordu rəhbərliyini və siyasi elitanı bu dərəcədə sərt tənqid etməsi Ermənistan daxilində “yenilməz ordu” mifinin ciddi şəkildə sarsıldığını göstərir.
Ekspertlərə görə, Ermənistan hakimiyyətinin bu tip ifşaları təkcə daxili korrupsiya ilə bağlı deyil, həm də cəmiyyətin revanşist ritorikadan uzaqlaşdırılması və Azərbaycanla sülh prosesinə hazırlanması məqsədi daşıya bilər. Lakin bu açıqlamaların Ermənistanda revanşist dairələrin təsirini tam zəiflədib-zəiflətməyəcəyi hələ açıq sual olaraq qalır.