Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr qurulub.
MSNews.az xəbər verir ki, “APA”nın Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə istinadən yaydığı məlumata görə, bu gün Nyu-Yorkda iki dövlət arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalanıb.
Sənədi Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının BMT yanında daimi nümayəndəsi Cim Lipve imzalayıblar.
Birgə Kommunikedə Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatlarının ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyəti ifadə olunub.
Sənəddə həmçinin qeyd edilir ki, hər iki dövlət diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərini əsas tutur.
Diplomatik əlaqələrin qurulması iki ölkə arasında beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır.
Mikroneziya Federativ Ştatları Sakit okeanın qərb hissəsində yerləşən ada dövlətidir. Ölkə BMT-nin üzvüdür və beynəlxalq təşkilatlar çərçivəsində kiçik ada dövlətlərinin dayanıqlı inkişafı, iqlim dəyişiklikləri və okean təhlükəsizliyi kimi məsələlərdə fəal iştirak edir.
Azərbaycanın Mikroneziya ilə diplomatik münasibətlər qurması Bakının beynəlxalq əlaqələr şəbəkəsini genişləndirmək, BMT və digər çoxtərəfli platformalarda tərəfdaşlıq imkanlarını artırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.