İlham Əliyev: “Azərbaycan-Özbəkistan əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib”

Prezident İlham Əliyev “UzA”ya müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatdığını bildirib. Dövlət başçısı ticarət, investisiya, nəqliyyat, enerji və Türk dünyası çərçivəsində əməkdaşlığın əsas nəticələrini açıqlayıb.

42

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin son illərdə ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.

MSNews.az xəbər verir ki, dövlət başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə – “UzA”ya müsahibəsində qarşıdakı dövlət səfəri ərəfəsində ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar istiqamətlərini qiymətləndirib. Prezidentin sözlərinə görə, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfər və təmas həyata keçirilib, onun budəfəki səfəri isə həmin dövrdə Özbəkistana üçüncü dövlət, ümumilikdə yeddinci səfəri olacaq.

İlham Əliyev 2024-cü ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və 2025-ci ildə qəbul edilən “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin iki ölkə arasında münasibətlərin hüquqi-siyasi əsaslarını möhkəmləndirdiyini vurğulayıb. O, Prezident Şavkat Mirziyoyevlə şəxsi dostluq və qarşılıqlı etimadın əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirib.

İqtisadi əməkdaşlığa toxunan Prezident qeyd edib ki, 2025-ci ildə Azərbaycan-Özbəkistan ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də iki ölkədə yeni layihələrin maliyyələşdirilməsində mühüm platforma kimi göstərilib.

Nəqliyyat sahəsində də artım qeydə alınıb. 2025-ci ildə iki ölkə arasındakı tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona, 2026-cı ilin ilk yarısında isə 12,2 faiz artımla 675 min tona çatıb. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Prezident həmçinin “PASHA Holding”in Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksi, eləcə də “Sea Breeze Uzbekistan” layihəsini həyata keçirdiyini qeyd edib.

Avtomobil sənayesində əməkdaşlığın nəticələri də açıqlanıb. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda Özbəkistanla əməkdaşlıq çərçivəsində 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib.

Prezident yaşıl enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın əməkdaşlığını xüsusi vurğulayıb. 2025-ci ildə yaradılmış “Yaşıl Dəhliz Birliyi” Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin reallaşdırılması və Mərkəzi Asiyadan bərpaolunan enerjinin Xəzərin dibi ilə nəqli imkanlarının araşdırılması ilə məşğuldur.

İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsini də prioritet istiqamətlərdən biri adlandırıb. O bildirib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası region üçün yeni tranzit və iqtisadi imkanlar yarada bilər.

Dövlət başçısı Azərbaycanın ötən il Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qəbul edilməsinə də toxunub. Onun sözlərinə görə, bununla əvvəllər “C5” kimi tanınan format faktiki olaraq “C6” formatına çevrilib və Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni miqyas qazanıb.

Mədəni-humanitar əlaqələrdən danışan Prezident təhsil, turizm, media və qardaşlaşmış şəhərlər layihələrinin genişləndiyini bildirib. 2025-2026-cı tədris ilində 67 Özbəkistan vətəndaşı Azərbaycanda, 176 Azərbaycan vətəndaşı isə Özbəkistanda təhsil alıb. Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min nəfər təşkil edib.

İlham Əliyev əmin olduğunu bildirib ki, qarşıdakı səfər yeni birgə təşəbbüslərin həyata keçirilməsinə və Azərbaycan-Özbəkistan müttəfiqliyinin daha da möhkəmlənməsinə təkan verəcək.