Rusiya Latviya, Litva və Estoniyaya qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etməyi planlaşdırır. “İzvestiya”nın Rusiya Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Moskva Baltik ölkələrini rusdilli əhalinin hüquqlarını pozmaqda, rus dilinin istifadəsini məhdudlaşdırmaqda və “tarixi yenidən yazmaqda” ittiham edir.
Rusiya XİN iddia edir ki, Latviya, Litva və Estoniya ilə bu mövzuda danışıqlar nəticəsiz qalıb və buna görə Moskva məsələni “BMT-nin əsas məhkəmə orqanı” olan Beynəlxalq Məhkəməyə çıxarmağa hazırlaşır.
“Kommersant”ın məlumatına görə, Rusiya tərəfi Baltik ölkələrini “repressiya və qorxutma siyasəti” aparmaqda da ittiham edir.
Baltik ölkələri isə Moskvanın ittihamlarını rədd edir. “The Kyiv Independent”in məlumatına görə, Estoniya, Latviya və Litva rəsmiləri Rusiyanın planlaşdırdığı müraciəti dezinformasiya kampaniyasının bir hissəsi kimi qiymətləndiriblər. Tallinn bildirib ki, Moskva bu mövzudan Baltik ölkələrinə qarşı siyasi təzyiq aləti kimi istifadə edir.
Nordik-Baltik ölkələrinin xarici işlər nazirləri də Rusiyanın son informasiya kampaniyasını kəskin tənqid ediblər. Birgə bəyanatda Rusiyanın Latviya və regionun digər ölkələrinə qarşı güc tətbiqi ilə bağlı hədələrinin qınandığı, Moskvanın NATO müttəfiqlərini qorxutmağa və Ukraynaya qarşı müharibədən diqqəti yayındırmağa çalışdığı bildirilib.
Son həftələrdə Baltik ölkələrinin hava məkanına dronların daxil olması, Kalininqrad ətrafında gərginlik və Moskvanın Baltik ölkələrinə qarşı ittihamları NATO-nun şərq cinahında təhlükəsizlik narahatlıqlarını artırıb.
Müşahidəçilər Moskvanın “rusdillilərin müdafiəsi” və “tarixin təhrif olunması” kimi tezislərdən daha əvvəl də geosiyasi təzyiq aləti kimi istifadə etdiyini xatırladırlar. 2022-ci il fevralın 24-də Vladimir Putin Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” elan edərkən bunu Donbasda yaşayan insanların “müdafiəsi” və Kiyev hakimiyyətinin guya “genosid” törətməsi iddiaları ilə əsaslandırmışdı. Kremlin həmin çıxışında “demilitarizasiya” və “denasifikasiya” tezisləri də irəli sürülmüşdü.
Bu səbəbdən Rusiyanın Baltik ölkələrinə qarşı hüquqi müstəviyə keçmək niyyəti regionda yalnız məhkəmə mübahisəsi kimi deyil, həm də daha geniş siyasi təzyiq kampaniyasının elementi kimi qiymətləndirilir. Bununla belə, beynəlxalq hüquq ekspertləri belə iddianın illərlə davam edə biləcəyini və nəticə ehtimalının qeyri-müəyyən olduğunu bildirirlər.