ABŞ ilə İran arasında gərginliyin yenidən artması fonunda Vaşinqtonun Yaxın Şərqdəki hərbi obyektlərində hazırlıq tədbirlərini gücləndirdiyi bildirilir.
Bir sıra monitorinq resurslarının məlumatına görə, Fars körfəzi ölkələrində və Yaxın Şərqdə yerləşən Amerika hərbi bazaları yüksək hazırlıq rejiminə keçirilib. Söhbət Qətər, Bəhreyn, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı, İraq, Suriya, İordaniya, Oman və Türkiyədəki obyektlərdən gedir.
Məlumatlarda ABŞ-ın regiondakı hava hücumundan müdafiə sistemləri, qırıcı aviasiyası, hərbi-dəniz qüvvələri və komandanlıq mərkəzlərində təhlükəsizlik və döyüş hazırlığı tədbirlərinin artırıldığı qeyd olunur. Bununla belə, ABŞ tərəfi bütün regional bazaların “maksimum döyüş hazırlığına” keçirilməsi barədə ayrıca rəsmi siyahı açıqlamayıb.
“Reuters” yazır ki, ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun Tehranla razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı zərbələri bərpa etməyə hazır olduğunu bildirib. O, ABŞ-ın regionda və qlobal miqyasda hərbi imkanlarının kifayət qədər olduğunu vurğulayıb.
Gərginlik son günlər Hörmüz boğazı ətrafında da artıb. “Reuters” ABŞ Mərkəzi Komandanlığına istinadən yazır ki, Amerika hərbçiləri İranın mina yerləşdirməkdə şübhəli bilinən qayıqlarına və raket buraxılış mövqelərinə zərbələr endirib. CENTCOM bu addımların ABŞ qüvvələrini İran təhdidlərindən qorumaq üçün “müdafiə xarakterli” olduğunu bildirib.
Eyni zamanda, Vaşinqton və Tehran arasında diplomatik kanal açıq qalır. “Associated Press” ABŞ və İran nümayəndələrinin atəşkəsin 60 gün uzadılması və nüvə proqramı üzrə danışıqların başlanması barədə ilkin razılığa gəldiyini yazıb. Lakin məlumatda qeyd olunur ki, İran razılaşmanı dərhal təsdiqləməyib və sənəd hələ ABŞ prezidenti Donald Trampın yekun təsdiqini gözləyir.
Bu fonda ABŞ bazalarında təhlükəsizlik tədbirlərinin artırılması mümkün eskalasiyaya hazırlıq kimi qiymətləndirilir. Regiondakı hərbi obyektlər həm İranın mümkün raket və PUA hücumları, həm də Hörmüz boğazında gərginliyin genişlənməsi baxımından yüksək risk zonasında yerləşir.
Hazırda Vaşinqtonun əsas məqsədi bir tərəfdən danışıqları davam etdirmək, digər tərəfdən isə regiondakı qüvvələrini mümkün hücumlardan qorumaqdır. Hərbi hazırlığın artırılması diplomatik prosesin tam dayanması anlamına gəlməsə də, ABŞ-İran qarşıdurmasının yeni mərhələyə keçməsi ehtimalının ciddi qəbul olunduğunu göstərir.